Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır? – Ekspert danışır
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb ki, qlobal ərzaq qiymətləri yanvar ayında bitki yağı və şəkər qiymətlərindəki geriləmə səbəbindən ardıcıl 10-cu aydır enişini davam etdirir.
Ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub.
Beləliklə, indeks ardıcıl 10-cu ayda da enişini davam etdirib. FAO-nun bəyanatında qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indeks keçən ilin mart ayında qeydə alınan rekord səviyyədən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında indeks 159,7 bəndə çataraq rekord qırmışdı. Yanvar ayında qlobal ərzaq qiymətləri bitki yağları, süd məhsulları və şəkər hesabına ucuzlaşıb. Bitki yağı qiymətləri indeksi əsasən günəbaxan yağının ucuzlaşması səbəbindən aylıq 2,9 faiz azalıb. İndeks 140,4 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyəsindən təxminən 25 faiz aşağıdır. Taxıl Qiyməti İndeksi aylıq 0,1 faiz, illik müqayisədə isə 4,8 faiz artıb. Beynəlxalq buğda qiymətləri Avstraliya və Rusiyada istehsal gözləntilərinin aşılması səbəbindən yanvar ayında 2,5 faiz düşüb.
Digər tərəfdən, məhdud təklif Asiyada güclü daxili tələb və məzənnə dəyişikliyi səbəbilə düyü qiymətləri aylıq 6,2 faiz artıb.
Dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyada əlverişli hava şəraiti ilə əlaqədar olaraq Şəkər Qiyməti İndeksi aylıq müqayisədə 1,1% azalıb. Eyni dövrdə FAO Süd Qiyməti İndeksi 1,4%, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb. Qeyd edək ki, artıq bir neçə aydır dünya ərzaq qiymətlərində ucuzlaşma davam etsə də Azərbaycanda nəinki azalma, əksinə, qiymətlər artmaqda davam edir.
Adətən ölkəmizdəki bahalaşmanı xarici bazarlara uyğunluqla əlaqələndirirlər.
Bəs niyə dünya bazar qiymətlərindəki azalma ölkəmizdəki qiymətlərə təsir etmir?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünya bazar qiymətlərinin aşağı düşməsi müşahidə edilir və FAO sentyabr ayından başlayaraq bunu qeyd edir:
“Ancaq ucuzlaşma gözlənilən yüksək templərdə deyil. Yəni hələ də qiymətlərin kifayət qədər yüksək olmasından əziyyət çəkən sahələr də var. Azərbaycana gəldikdə isə idxaldan nə qədər asılı ölkə olduğunu nəzərə alsaq, heç olmasa hansı sahələrdə qiymət azalması müşahidə olunursa, ona uyğun olaraq ölkəmizdə eyni məhsulların qiymətində dəyişiklik olmalı idi. Azərbaycanın rəsmi nümayəndələri də dəfələrlə bununla bağlı çıxış edərkən bizdə idxal inflyasiyasının olduğunu vurğulayırdılar. Qeyd edirdilər ki, idxaldan asılı olduğumuz üçün inflyasiyanın sürətinin artma səbəbi xaricdəki qiymət artımıdır. Bu, əks-effekt də verməlidir. Yəni xaricdəki qiymət azalması zəif də olsa davam edir. Artıq 5-6 aydır ki, biz bu tendensiyanı müşahidə edirik. Onun Azərbaycanda müşahidə edilməməsinin səbəbi isə daxili səbəblərlə bağlıdır. Daxildəki bazarın qapalı olması, xarici şirkətlərin və yaxud da yerli iş adamlarının bazara rahat çıxış imkanlarının məhdud olması, müəyyən ihisarçılıq meyillərinin olması, ölkəyə mal gətirən şirkətlərin sayının azlığı, topdansatış ticarətlə bağlı ciddi problemlər hələ də qalır. Bunun da nəticəsində Azərbaycanda qiymətlərin ucuzlaşmadığının şahidi oluruq”./cebhe.info