Bakı apteklərindən zəruri dərmanlar niyə yoxa çıxıb? – Ekspert rəyi və Səhiyyə Nazirliyinin cavabı

 

Son zamanlar paytaxt sakinləri KRVİ-nin (kəskin respirator virus infeksiyaları) qızğın vaxtında yerli apteklərdə nəinki böyüklər, hətta uşaqlar, xüsusən də üç yaşına qədər olanlar üçün tövsiyə olunan bir sıra dərmanların olmamasından şikayətlənirlər.

Özü də məhz həkimlərin ən çox təyin etdikləri dərmanlar – xüsusən şərbət formatında “Panadol”, “Nurofen”, “Paraferin” və “Supofen” kimi qızdırma salan preparatlar yoxa çıxıb.

Sosial şəbəkələrdə insanlar apteklərdəki bir çox dərmanların hətta analoqunun belə, olmamasından şikayətlənirlər, bəzən isə onların əvəzinə çox bahalı preparatlar təklif edilir, onlar isə qiymətinə baxmayaraq, səmərəsiz olur.

Lakin ölkənin apteklərində təkcə qripə qarşı dərmanlarla bağlı problemlər yaranmayıb. Bu gün bəzi ağrıkəsicilər və göz damcıları da tapmaq çətindir. Apteklərdə tapılması, demək olar ki, mümkün olmayan dərmanlar arasında “Metilurasil”, “Lazolvan”, “Fosfalugel”, “Solkoseril” gel, “Anaprilin”, “Longidaz”, “Dimeksid”, “Geviskon”, “Smekta”, “Imodium”, həmçinin “Solodka” və “Doktor Mom” kimi şərbətlər var.

Sadalanan dərmanların hara yoxa çıxdığını öyrənmək üçün Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə müraciət etdik.

Bu il, demək olar ki, heç bir dərman idxal edilməyib

Mərkəzdən qeyd edilib ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olurlar. Onların səlahiyyətlərinə yalnız ölkəyə gətirilən dərman vasitələrinin keyfiyyətinin laboratoriya təhlili və sənədlərin yoxlanılması daxildir.

Mərkəz ölkəmizə gətirilən bəzi dərman vasitələrinin son tarixləri və miqdarı ilə bağlı məlumat da verib:

“Ibuprofen” – son idxal icazəsi 25 noyabr 2022-ci il (59 000 qutu) və 23 dekabr 2022-ci il (4 944 qutu);

“Panadol baby” suspenziya – 28 dekabr 2022-ci il (3 960 qutu), 12 yanvar 2023-cü il (180 qutu) və 18 yanvar 2023-cü il (3 960 qutu);

“Panadol” həbləri 500 mq  – 28 dekabr 2022-ci il (10 080 qutu) və 18 yanvar 2023 (3 888 qutu);

“Nurofen” suspenziya – 21 dekabr 2022-ci il (26 976 qutu), 18 yanvar 2023 (27 024 qutu) və 19 yanvar 2023 (29 004 qutu);

“Nurofen forte” həbləri 400 mq – 21 dekabr 2022-ci il (14 440 qutu), 18 yanvar 2023-cü il (11 081 qutu) və 19 yanvar 2023-cü il (15 408 qutu);

“Nurofen-express” kapsulları 200 mq – 25 noyabr 2022-ci il (2 016 qutu) və 18 yanvar 2023-cü il (3 096 qutu);

“Nurofen” həbləri 200 mq – 18 yanvar 2023-cü il (12 960 qutu);

“Paraferin” kapsulları – 3 oktyabr 2022-ci il (96 919 qutu) və 19 yanvar 2023-cü il (47 818 qutu);

“Paraferin” suspenziya – 6 dekabr 2022-ci il (29 960 qutu) və 10 yanvar 2023-cü il (30 000 qutu).

Alternativ axtarışında

Mərkəzin nümayəndələri onu da əlavə ediblər ki, Azərbaycana “Ibuprofen”in əvəzediciləri gətirilib. “Nurofen”dən əlavə, bu siyahıya “Ibufen” suspenziyası (25 yanvar 2023-cü ildə 15 364 qutu çatdırılıb), “Gofen” 400 mq kapsul (5 dekabr 2022-ci ildə 696 qutu və 12 yanvar 2023-cü ildə 2 400 qutu), “Siafen” suspenziyası (30 noyabr 2022-ci il 5 740 qutu və 21 dekabr 2022-ci il 4 840 qutu) kimi dərmanları əlavə etmək olar.

“Metilurasil” məsələsinə gəlincə, sonuncu dəfə ötən il noyabrın 30-da və dekabrın 15-də (35 min qutu) gətirilib.

Mərkəzdən qeyd edilib ki, bu gün dünyada baş verən qlobal proseslər enerji daşıyıcılarının, xammalın və onların daşınmasının maya dəyərinin artmasına səbəb olur. Eyni zamanda, müşahidə olunan müharibələr, logistika marşrutlarının dəyişməsi, istehsalın maya dəyərinin artması və nəticədə qlobal təchizat zəncirində yaranan fasilələr bu gün Azərbaycana da təsir edib.

Vurğulanıb ki, bəzi dərman vasitələrinin çatışmazlığı təkcə bizdə hiss olunmur. Avropa, Rusiya və Türkiyə bazarlarında da bəzi dərmanların qıtlığı müşahidə olunur ki, bu da yuxarıda qeyd olunan qlobal proseslərdən qaynaqlanır. Belə bir vəziyyətdə Azərbaycan hökuməti gələcəkdə yarana biləcək riskləri minimuma endirmək üçün tədbirlər görür.

“Qeyd edək ki, Azərbaycan əczaçılıq məhsullarının idxalından asılı olan ölkədir, istehsal sahələri yenicə formalaşmağa başlayır. Pirallahı və Ələt azad iqtisadi zonalarında bu istiqamətdə işlər aparılır, Azərbaycanın özünü müəyyən dərmanlarla təmin etməsi üçün lazımi addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan qanunvericilik təşəbbüsləri hökumətə təqdim olunur. Razılaşdırılmış təkliflər hazırda tamamlanma mərhələsindədir”, – Mərkəzdən bildirilib.

Xərçəng xəstələri üçün çarəni harada axtarmaq lazımdır?

Yerli apteklərdən yoxa çıxan dərmanlar arasında onkoloji xəstəliklərin müalicəsində istifadə olunanlar da var. Məsələ burasındadır ki, Azərbaycanda xərçəngin müalicəsində istifadə olunan dərmanların satışına qadağa yoxdur. Bu dərmanlar baha olduğu üçün əsasən, Dövlət Proqramı çərçivəsində ölkəyə gətirilir və xəstələr bu dərmanlarla onkoloji mərkəzlərdə müalicə olunurlar.

Mərkəzdən bildirilib ki, Azərbaycanda xərçəng xəstələri Milli Onkologiya Mərkəzində və Azərbaycan Dövlət Tibb Universitetinin Onkoloji Klinikasında kimya terapiyası alırlar.

“Bundan başqa, doqquz rayonda rayonlararası onkoloji dispanserlər fəaliyyət göstərir. Bu xəstəxanalar vasitəsilə hər ay xəstələr onkoloji dərmanlarla təmin olunurlar. Yəni xərçəng xəstələrinin adi apteklərdən dərmanlar almalarına ehtiyac yoxdur. Onlar yalnız poliklinika həkiminin təyin etdiyi xüsusi reseptlə ağrıkəsici və ya narkotik tərkibli preparatları hər bölgədə təmsil olunan müvafiq apteklərdən alırlar”, – deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, “Xərçəng xəstələrinin dərman təminatı qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarına əsasən, onkoloji xəstələrin ambulator-poliklinika müəssisəsinin (onkoloji mərkəz və ya regional poliklinika) təyin etdiyi xüsusi resept əsasında dərman təminatı müqavilə bağlanmış aptek vasitəsilə həyata keçirilir. Xərçəng xəstələrinin resept əsasında pulsuz əldə etdikləri dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsicilərin dəyəri dövlət büdcəsindən ödənilir.

“Milli Onkoloji Dispanserdə quraşdırılan monitorlar xəstələr üçün zəruri olan dərmanların bütün siyahısını əks etdirir. Əgər siyahıdakı dərman yoxdursa, mütləq analoqu olur. Elə olur ki, bəzi dərmanlar ümumiyyətlə Azərbaycanda qeydiyyatdan keçməyib, xəstələr onları xaricdən gətirdirlər. Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi ABŞ və Avropa protokollarına uyğun aparılır. Bu protokollarda göstərilən bütün dərmanlar Azərbaycanda da müvafiq sxemlərə uyğun şəkildə istifadə olunur”, – deyə Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Günahkar qiymət siyasətidir

“Yuxarıda qeyd olunan dərmanlarla yanaşı, Azərbaycanın əczaçılıq bazarında, həmçinin bir çox digər həyati əhəmiyyət kəsb edən dərmanlar da yoxdur. Ölkədə dərman qıtlığının səbəblərindən biri də yanlış qiymət siyasətidir. İdxal edən şirkət ölkəyə məhsul gətirmək üçün pul qazanmalıdır. Bəzən dərmanlar üçün müəyyən edilən qiymətlər idxal edən şirkətə təklif olunan qiymətlərdən ucuz olur və bu səbəbdən də şirkət bu dərmanı ölkəyə gətirməkdə maraqlı olmur. Bu halda da defisit yaranır. Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada logistika xidmətlərinin və xammalın qiyməti artır və bu, məhsulların öz qiymətlərində də əks olunur”, – deyə “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyadov Media.az-a bildirib.

Onun sözlərinə görə, mətbuatda dərman qıtlığı məsələsi işıqlandırıldıqdan sonra yeni qiymətlər müəyyənləşdirilir və dərman apteklərdə peyda olur.

Azərbaycanın əczaçılıq sektoru idxaldan asılıdır

“Bizim üçün ciddi problemlərdən biri də yerli istehsalın olmamasıdır. Azərbaycanın əczaçılıq sektoru 95% idxaldan asılıdır. Yeni fabriklərin tikintisi çox vaxt aparır. Ona görə də məncə, Türkiyə variantını ən düzgün variant hesab edirlər. Başqa sözlə desək, dünyanın aparıcı əczaçılıq zavodlarının filiallarının ölkəmizdə açılmasına nail olmaq lazım idi”, – birlik sədri bildirib.

Şövqi Bünyadov onu da əlavə edib ki, bu, daxili tələbatın ödənilməsi ilə yanaşı, dərmanların ixracına da şərait yaradacaq. Nəticədə daxili tələbat ödəniləcək, artıq məhsulun ixracı hesabına isə ölkəyə valyuta daxil olacaq, həmçinin yüzlərlə yeni iş yeri açılacaq.

“Qeyd etmək vacibdir ki, Türkiyə daxili tələbatının 95%-ni öz ərazisindəki xarici fabriklərin filialları vasitəsilə ödəyir”, – deyə Bünyadov bildirib.

Qeyd edək ki, Azərbaycana dərmanlar, əsasən, Avropadan, eləcə də Türkiyə, Rusiya, Ukrayna və Hindistandan gətirilir./media.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password