Rusiya və İranın yeni işbirliyi ifşa edildi – Gizli yolla Tehrana ötürülürmüş
Rusiya Ukrayna ilə döyüşlərdə ələ keçirdiyi silahları İrana verib.
Bu barədə “Wall Street Journal” yazır.
Amerika nəşrinin məlumatına görə, İran silahları təmir etməyi və Ukraynaya qarşı müharibədə istifadə etmək üçün yenidən Moskvaya qaytarmağı planlaşdırır.
“Rəsmi mənbələrin bildirdiyinə görə, Moskva Ukraynada döyüş meydanında ələ keçirilən və təmirə ehtiyacı olan silahları İrana ötürür”, – məlumatda deyilir.
Nəşr iki diktatura rejimi arasında müdafiə və iqtisadi sahədə əməkdaşlığın gücləndiyini qeyd edir. Bildirilir ki, İran artıq öz ballistik raketlərini Rusiyaya tədarük etməyə razılaşıb.
Bundan əvvəl məlum olub ki, Moskva və Tehran birgə PUA istehsalı üçün yeni zavodun tikintisi barədə razılığa gəlib. Projeni Yelabuqa şəhərində (Tatarıstan Respublikası) həyata keçirmək istəyirlər. Tərəflər yeni zavodda ən azı 6000 pilotsuz təyyarə istehsal edəcəklərini düşünürlər.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba İranın ölkəsinə münasibətdə həddi aşdığını deyib. Onun sözlərinə görə, Kiyev istənilən an Tehranla diplomatik münasibətləri pozmağa hazırdır.