Qərbin qiymət “tavanı” mexanizmi Rusiyanın neft-qaz gəlirlərinə necə təsir edib?
Ötən gündən Rusiyadan Avropa İttifaqına (Aİ) neft məhsullarının tədarükünə embarqo və qiymət “tavanı” işləməyə başlayıb. Embarqo haqqında qərar hələ 2022-ci ilin iyununda qəbul edilsə də, qiymət limiti bu ayın əvvəlində razılaşdırılıb. G7 ölkələri, Aİ və Avstraliya neft məhsulları üçün iki qiymət tavanı müəyyən edib. Dizel və digər bahalı neft məhsulları üçün qiymət limiti bir barel üçün 100 ABŞ dolları, daha ucuz neft məhsulları üçün 45 ABŞ dolları təşkil edir. Buna kimi isə iki ay idi ki, dənizlə daşınan Rusiya neftinə qarşı embarqo və qiymət “tavanı” (bir barel üçün 60 ABŞ dolları) qüvvədədir.
Neft-qaz gəlirləri kəskin azalıb
Avropa Rusiyanın neft məhsulları üçün mühüm tədarük bazarıdır. Ötən il Rusiyadan xaricə sutkalıq 2,85 milyon barel neft məhsulları göndərilib ki, bunun da 1,2 milyon bareli Aİ-nin payına düşüb. Dünəndən bu bazar əldən çıxıb və əsas sual həmin həcmlərin bundan sonra kimə satılacağıdır. Neft embarqosundan sonra Rusiya azad olan həcmlərin bir qismini Şərqə, ilk növbədə Hindistan və Çinə yönləndirə bilib. Lakin bu zaman alıcılar böyük endirimlər tələb ediblər. Baltik dənizindəki limanlardan bəzi neft partiyaları bir barel üçün 37-42 ABŞ dollarına yola salınır. Hindistana neft satışı zamanı “Urals” markalı neftin qiyməti bəzi hallarda maya dəyərindən də aşağı olub.
Rəsmi məlumata görə, 2022-ci ilin dekabrında “Urals” markalı Rusiya neftinin orta qiyməti bir barel üçün 50,47 ABŞ dolları olub. Ötən ayda isə həmin göstərici daha da azalaraq bir barel üçün 49,48 ABŞ dollarına düşüb. Bir il əvvəlki göstəricilərlə müqayisədə dekabrdakı qiymət 1,44 dəfə, yanvardakı – 1,7 dəfə azalıb. Endirimlə bağlı vəziyyət elə kritik həddə çatıb ki, artıq ölkə rəhbərliyinin də diqqətini çəkib. Prezident səviyyəsində neftin endirimlə satılmasının büdcə üçün problemlər yaratmasının yolverilməz olduğu bəyan edilib. Hətta Rusiyanın Energetika Nazirliyi vəziyyətə nəzarət mexanizmi kimi endirimlərin müəyyən hədlə məhdudlaşdırılmasını nəzərdən keçirib.
Neftin daşınma xərci kəskin artıb
Problemlər tək qiymət dempinqi ilə məhdudlaşmır. Baxmayaraq ki, embarqo ərəfəsində Rusiya intensiv şəkildə tanker alıb, onların sayı yenə də məhduddur. Ona görə neft şirkətləri ixrac zamanı xarici daşıyıcıların xidmətlərindən yararlanmalı olub. Daşıyıcılar isə öz növbəsində mümkün sanksiyaların hədəfinə çevrilmək riski ilə əlaqədar olaraq Rusiya nefti ilə işləməyə həvəsli deyillər. Belə olan halda neft şirkətləri həmin daşıyıcılara onlar üçün maksimal dərəcədə sərfəli, özləri üçün isə əlverişsiz şərtlərlə təklif irəli sürməli olublar. Bu isə fraxtın dəyərinin kəskin artması ilə müşayiət olunub.
Bütün bunlar sonda neft-qaz gəlirlərinin azalmasına gətirib çıxarıb. Rusiyanın neft üçün qiymət “tavanı”ndan gündəlik itkiləri 172 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilib. Ötən ay bu səbəbdən itkilər 8 milyard ABŞ dolları təşkil edib. Bir il əvvəlki göstərici ilə müqayisədə neft-qaz gəlirləri 30% azalıb. Neft məhsullarına da qiymət “tavanı”nın tətbiqindən sonra bu itkilərin sutkalıq 280 milyon ABŞ dollarına çatacağı gözlənilir. Məsələ burasındadır ki, Qərbin almaq istəmədiyi neftdən fərqli olaraq neft məhsullarının əhəmiyyətli hissəsinə Şərqdə alıcı tapmaq demək olar ki, mümkün deyil.
Rusiyanın neft məhsulları Çin və Hindistana neft qədər maqlı deyil
Ən böyük alıcılar Çin və Hindistan özləri neft məhsulları istehsal edir. Hindistan demək olar ki, “su qiyməti”nə Rusiyadan neft alıb, onu öz neft emalı zavodlarında neft məhsullarına çevirib ABŞ bazarına və Aİ ölkələrinə satır. Ötən ay Hindistandan ABŞ-yə gündəlik 89 min barel benzin və dizel yanacağı yollanıb ki, bu da son 4 ilin maksimal göstəricisidir. Hesabat ayında Avropaya gündəlik dizel yanacağı tədarükü 172 min barel olub. Bu, 2021-ci ildən bu yana ən maksimal göstəricidir.
Hindistan Rusiyadan aldığı neft hesabına həm də öz ehtiyaclarının 85%-ni ödəyir. Hindistan sanksiyalara qoşulmasa da, nefti böyük endirimlə aldığına görə faktiki olaraq qiymət “tavanı”na əməl edir, digər tərəfdən isə ABŞ və Avropanın simasında öz neft məhsulları üçün əhəmiyyətli tədarük bazarı əldə edib. Embarqonun müəllifləri isə “bir güllə ilə iki quş” vurmuş olublar. Bir tərəfdən Rusiyanın neft-qaz gəlirlərinin azalmasına nail olublar, digər tərəfdən isə kontinentdə neft məhsulları çatışmazlığına, daha geniş mənada isə qlobal enerji böhranına yol verməmiş olublar.
Zavodlar bağlana və ya istehsal kəskin azaldıla bilər
Mövcud reallıqlar çərçivəsində Rusiyanın seçimi çox məhduddur. Neft məhsulları Yaxın Şərq və Afrikaya yönləndirilə bilər ki, burada da vəziyyət birmənalı deyil. Neftlə olduğu kimi neft məhsullarının da bir bazardan digərinə istiqamətlənməsi və orada pay alması qiymət dempinqi tələb edəcək. Neft məhsulları üçün endirimlər neft üçün ediləndən qat-qat çox ola bilər.
Digər yol isə neft emalı zavodlarının bir hissəsinin bağlanması və ya istehsalın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Rusiyanın bu yollardan hansını seçəcəyini əminliklə demək mümkün olmasa da, bir şey gün kimi aydındır. Qiymət “tavanı” mexanizmi işləyir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni maliyyələşdirmək imkanları hər keçən gün azalır və getdikcə bu proses daha da sürətlənəcək.