İran nümayəndəliyi bağlansa, casuslar ifşa olacaq
Artıq hamıya məlumdur ki, terror təhlükəsi mövcud olduğu müddətdə Azərbaycan diplomatları Tehrana qaytarılmayacaq. Bunun nə zaman baş verəcəyi isə məlum deyil. Bu 1 il, 3 il, 10 il çəkə, yaxud Azərbaycan ümumiyyətlə öz səfirliyinin Tehran şəhərində işinə son verə bilər.
Bu sözləri politoloq Əlimusa İbrahimov açıqlamasında deyib.
O bildirib ki, hələlik Azərbaycan səfirlik əməkdaşlarının Tehrana göndərilməsi məsələsini orada baş verən terrorla bağlı istintaq prosesinin başa çatmasından sonraya saxlayacaq. Əgər İran hakimiyyət orqanları terror hadisəsinin ədalətli istintaqına şərait yaradıb motivləri və hücumu təşkil edənləri ortaya qoyarsa və gələcəkdə belə hadisələrin baş verməməsi üçün zəmanət verərsə, o zaman diplomatik korpus Tehranda fəaliyyətini davam etdirəcək:
“Əks halda Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə – İranda normal hakimiyyət qurulana qədər dayandıra, səfirliyin işi qonşu ölkələrdən birindəki, indiki halda Türkiyədəki diplomatlarımıza həvalə oluna bilər. Təbii ki, bu variant İran üçün çox ciddi diplomatik zərbə olardı. İranın onsuz da ən aşağı səviyyədə olan beynəlxalq nüfuzu yerlə bir olardı. Çünki diplomatik korpusun fəaliyyətinin dayandırılması bu və ya digər dövlətə qarşı edilən ən ciddi xəbərdarlıqdır. Bütün ölkələr İranın diplomatik korpus əməkdaşlarını qorumaq gücündə olmadığını biləcək və onlar da öz nümayəndəliklərini oradan çıxarmağa çalışacaqlar”.
Politoloqun sözlərinə görə, hazırda İranla münasibətlərin heç də yüksək səviyyədə olmasına çalışmaq lazım da deyil və Ermənistanla Rusiyadan başqa heç bir dövlət buna cəhd etmir. Orada yaşayan soydaşlarımızın yarana biləcək problemlərini həll etmək üçün digər imkanlar tapıla bilər.
Ə.İbrahimov əlavə edib ki, Azərbaycan İranın Bakıdakı səfirliyinin əməkdaşlarının ölkəmizdən çıxarılmasını və səfirliyin fəaliyyətini dayandırmasını Tehrandan tələb edə bilər:
“Bu da Azərbaycan üçün İran casuslarına qarşı mübarizə apardığı indiki şəraitdə çox əhəmiyyətli olar. İranın Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il dayandırılması onun casus yuvalarının Azərbaycandan tamamilə təmizlənməsi ilə nəticələnəcək. Bu da xüsusi xidmət orqanlarımızın işini xeyli asanlaşdıra bilər”.