Ermənistan İranı yarı yolda qoyur – “Bu durum uzun çəkə bilməz”
“İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan sülh danışıqlarından yayınıb Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımasa, biz də Zəngəzura haqlı iddiamızı ortaya qoya bilərik:
“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və dəlizin açılmasını təmin etməlidir. Bunu etməyəcəksə, Azərbaycanın bir çox seçimi var.
Hazırda İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çaılışır. Amma molla rejiminin manevr arealı geniş deyil. İrana qarşı beynəlxalq sanksiyalar sərtləşir. Üstəgəl, İsrail və ABŞ-ın nüvə proqramını genişləndirməyə çalışan İran ərazisində hərbi əməliyyat keçirilməsi gündəmdədir. Bu baxımdan, Tehranın Zəngəzur dəhlizinin açılmasına mane olacağı mümkün kimi görünmür. Yəni İranı ilk növbədə öz taleyi düşündürməlidir.
Üstəgəl, Ermənistan da İranı pis vəziyyətdə qoya bilər. Bölgədəki proseslərin mürəkkəbləşdiyi vaxtda Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizini açmaqdan başqa çarəsi qalmaya bilər, onsuz da baş verənlər ona bunu diktə edir.
Bir sözlə, Tehran bir müddət sonra bu işə qarışa bilməyəcək. İndi isə İrəvan buna qarşırmış kimi görünür və Tehranla birlikdə hərəkət etməyə üstünlük verir. Amma bu durum uzun çəkməyəcək. İran 44 günlük müharibədə olduğu kimi, Zəngəzur dəhlizi prosesində də Ermənistanla birlikdə Azərbaycana məğlub olacaq”.
Məhəmməd Əsədullazadənin fikrincə, İran Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada daha da güclənməsindən, eləcə də Azərbaycanın tarixi ədaləti bərpa etməsindən narahatdır:
“Regionda dəyişən geosiyasi durum İranın əleyhinə işləyir. Üstəgəl, İrandakı totalitar rejimin dəyişməsinin qlobal güclərin gündəliyində olması da Tehranda ciddi əndişə yaradır. İran bütün cəbhələrdə Qərbə qarşıdır və bu, onun təcridini daha da dərinləşdirir. Belə bir durumda isə molla rejiminin ömrünün nə qədər olması zaman məsələsidir. Başqa sözlə, İranın nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılmasına şahidlik edəcəyik. Ermənistanın bu reallıqla barışmaması isə mümkün deyil.
Ermənistan iki yolu var. Birincisi, əldə edilmiş razılaşmalar üzrə öhdəliklərini yerinə yetirərək dəhlizi özü açır və bu, bölgədə qalıcı sülhün bərpası ilə nəticələnir; ikincisi, bunu etmir və Azərbaycan öz bildiyi yolla dəhlizi açır. Məncə, ikinci variant Ermənistanın ürəyincə olmamalıdır”./teleqraf.com