“Heç nə göründüyü kimi deyil, İranla Ermənistan arasında…” – Yunanesyan
“Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehrana səfərini İran prezidentinin xanımı təşkil edib və erməni icmasının burada heç bir rolu olmayıb”.
Bunu “Hraparak”a müsahibəsində Tehranda fəaliyyət göstərən “Hay Dat” komitəsinin sədri İsaq Yunanesyan deyib.
Ermənistan-İran əlaqələrinə toxunan Yunanesyan iki ölkə arasındakı münasibətlərin göründüyü kimi olmadığını, hər şeyin kağız üzərində və bəyanatlar səviyyəsində olduğunu iddia edib:
“Müstəqillik əldə etdikdən sonra Ermənistan-İran münasibətləri bəyanatlar baxımından yüksək səviyyədə olub, amma xalqa lazım olanı görmürük. Bu otuz il ərzində bir sıra bəyanatlar, tövsiyələr və proseslər kağız üzərində qalıb, bunların irəliləyişini müşahidə etmirik. İrandakı erməni icması bunu görür və bundan narahatdır, deyilənlər əksinədir, görünməli olanlar görünmür”.
Komitə rəhbəri molla rejiminin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini özü üçün təhlükə kimi gördüyünü bu sözlərinə dilə gətirib:
“Müharibədən sonra İrandan gələn reaksiya sübut edir ki, İran tərəfi tərəfi özü üçün “türk təhlükəsi” hiss edir, buna görə də Ermənistanla münasibətləri önə çəkməyə başladı. Məhz müharibədən sonra Ermənistana yaxınlaşmağa, Azərbaycan-Türkiyə tandeminin qarşısını almaq üçün yollar tapmağa başladı. Amma təəssüflər olsun ki, bunlar da bəyanatlar şəklində qaldı. Ermənistan hakimiyyətinin Qərbə münasibəti ucbatından ciddi proses yoxdur. İranla Ermənistan burada toqquşur. Yəni İranın Qərblə problemi var, Ermənistan isə Qərbə baxır. Məhz bu səbəbdən İran və Ermənistan arasında yüksək səviyyəli razılaşma əldə olunmur”.
Yunanesyan Ermənistan baş nazirinin xanımı və qızlarının bir neçə gün əvvəl İrana baş tutmuş səfərinə də toxunub:
“Nikol Paşinyanın həyat yoldaşının İrana səfəri ilə bağlı deyim ki, bu səfəri İran prezidentinin xanımı təşkil edib və erməni icmasının heç bir rolu olmayıb. Bildiyimə görə, erməni icması ilə heç bir görüşü, qəbulu olmayıb, onun heç bir kilsəyə getdiyini də görmədik”./teleqraf.com