Müşfiqabadda Vasif Talıbov izi – Qəsəbədə vətandaşların yolunu bağlayan kimlərdir?-VİDEO
“Ölkədə vəzifələr “irsi olaraq”(atadan oğula) ötürülür, kimsə vəzifəyə təsadüfi gəlmir” və sair kimi ifadələr artıq kiçik-böyük məmurların saymazlığından cana doymuş xalqın dilinin əzbərinə çevrilib.
Dərindən araşdırıldıqda, yaxud o vəzifəli şəxslərdən hər hansı birinin işinə xitam verildikdə xalqın haqlı olduğu öz təsdiqini tapır.
Bəzən də böyük vəzifələrin – daha doğrusu vəzifəlilərin xərçəng toxumaları kimi ölkənin hər tərəfinə yayıldığının şahidi oluruq.
Yeri gəlmişkən bir fikri xatırladım ki, bu yaxınlarda vəzifəsindən azad edilən Naxçıvanın “bədxassəli şişi” Vasif Talıbovun da “toxumaları”da, bir zamanlar ölkənin hər yerindən özünü biruzə verirdi.
Hansı ki, onlardan biri də sən demə Qaradağ rayon Müşviqabad qəsəbəsində də “at oynadır”mış. Dövlət əmlaklarını ata mülkü kimi satıb-sovurur, dinənə də deyirmiş, “öz torpağımdır”.
Bir neçə gün əvvəl Qaradağ rayon Müşfiqabada qəsəbəsində – qəbristanlığın yanında, yeni salınmış yaşayış massivindən bir qrup şəxs tərəfindən müraciət və VİDEO-FOTO görüntülər daxil olmuşdur.
Daxill olmuş məlumatda bildirilir ki, “Cəsarət adlı şəxs böyük bir ərazini zəbt etməklə yanaşı, sakinlərin mərkəzi küçəyə çıxacağı yolu da daş hasara alaraq, mənimsəmişdir”.
Sakinlərin müraciəti əsasında verilən məlumatı araşdırmaq üçün, sözügedən ərazidə olduq. Əraziyə baxış keçirərkən məlum oldu ki, vətəndaşların iddiaları tam əsaslıdır.
Bundan əlavə, apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, həmin ərazi və ona paralel olan hektarlarla ərazilər kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmasına baxmayaraq, bacanaq olduqları deyilən Akif və Nəriman adlı şəxslər tərəfindən qanunsuz olaraq vətəndaşlara həyətyanı sahə kimi satılır.
Qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Akif adlı şəxs özünü vətəndaşlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qohumu, eyni zamanda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun kirvəsi kimi təqdim edərək, bir sıra qanunsuz işləri həyata keçirirlər.
Onlar qanunazidd “torpaq biznesi” ilə məşğul olaraq, xeyli sərvətlərə sahib olublar.
Mediatv.az-a verilən məlumatlara görə bu şəxslər, hazırda Sumqayıt şəhər İcra başçısı vəzifəsində çalışan Zakir Fərəcovun Abşeron rayonunda İcra başçısı işlədiyi zamanlar müxtəlif yollarla sözügedən kənd təsərrüfatı təyinatlı əraziyə dair 99 illik icarə sənədi alıblar və həmin ərazidə 2014-cü ildən etibarən həm özləri üçün fərdi yaşayış mənzilləri tikdiriblər, həm də digər vətəndaşlara həyətyanı sahə adı altında satışını bu gün də həyata keçirirlər.
Bildiyiniz kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış üçün evlərin tikintisi müvafiq qanunla qadağandır. Buna baxmayaraq, Akif və Nəriman adlı şəxslər həmin əraziləri şəxsi əmlakları kimi kiminə satır, kiminə isə hədiyyə edirlər.
Deyilənə görə, torpaq payı verdikləri şəxslər arasında yüksək vəzifəli şəxslər xüsusi yer alır.
İddialara görə vətəndaşlara süni əngəllər yaradan Cəsarət adlı şəxsə də bir neçə hektar ərazini pay edənlər məhz sözügedən şəxslərdir.
Qeyd edək ki, Akif və Nərman adlı şəxslər çox sayda əmlaklara – “Lələtəpə” şadlıq sarayına, geniş əraziyə malik dəbdəbəli restorana, hektarlarla sahəsi olan torpaqda villalara, 10-larla iaşə obyektlərinə və çox sayda bahalı maşınlara sahib olduqları iddia edilir.
Özü də deyilənə görə bu hələ onların bu ərazidə sahib olduqları əmlaklarıdır. Bakının başqa rayonlarının ərazilərində də bir qayda olaraq, çoxsaylı sərvətlərə sahib olduqları bildirilir.
Təbii ki, bu istiqamətdə də araşdırmalarımız davam edir.
Məlumatlarda o da iddia edilir ki, adıçəkilən şəxslərin rəhbərliyi ilə həyata keçirilən qanunsuz torpaq satışları və ərazidə aparılan qanunsuz tikintilərdə inzibati ərazinin səlahiyyətli şəxsləri – ərazi icra nümayəndəsi Coşqun və bələdiyyə sədri İmamverdi müəllimin də “müstəsna rolu” vardır.
Qeyd edək ki, bu da hələ hamısı deyil. Odur ki, araşdırmalarımız davam edir. /mediatv.az