Ermənistandan tərs gediş – İranın “qırmızı xətti”ni keçdi
“Avropa İttifaqı missiyasını iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı, İranın maraqlarını da nəzərə almayıb”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İran-Azərbaycan əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb. Eyni gündə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu görüşdə də konkret hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb. Anlaşılandır. Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir.
Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azatlmaq istəyirsə, Azərbaycanın daxili işlərinə – hansı dövlətlə dost və tərəfdaş olmaq seçimimizə qarışmamalıdır. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır və İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalarına son qoymalıdır. Tehranın bu minimum şərtləri yerinə yetirəcəyinə inam azdır.
Digər tərəfdən, İranın xarici işlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəyirlərsə belə, bu, onlardan asılı məsələ deyil. Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin anti-Azərbaycan açılama verməsi və ya internet görüntüsü paylaşması ilə diplomatların münasibətlərin normallaşdırılması üçün fəaliyyətlərinin üstündən xətt çəkəcək. Bu, dəfələrlə olub”.
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycandan fərqli olaraq, molla rejimi İrəvanla əlaqələrini gərginləşdirməməyə çalışır:
“İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri açıqlama var: “Bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir”.
Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” açıqlamasını səsləndirirlər. Ancaq hazırda məhz İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. Avropa İttifaqının monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə bunun əleyhinədir. Digər tərəfdən, Fransa həmin missiyada geniş şəkildə təmsil olunacaq. Tehran-Paris münasibətləri isə gərgindir. Belə çıxır ki, İranın regional maraqları üçün ən böyük təhlükə İrəvanın siyasətiylə bağlıdır.
Kreml Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib. Kreml bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranıın isə Avropa İttifaqının missiyası ilə bağlı hələ ki, açıqlaması yoxdur. Çünki Tehran İran sərhədinə yaxın ərazidə yerləşəcək Avropa İttifaqının missiyasını tənqid edəcəksə, avtomatik həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir.
Tehran Ermənistanı tənqid etməyə hazır deyil. Görünür, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir. İranın Azərbaycanla münasibətləri uzun illlərdir enişli-yoxuşludur, Tehran Ermənistanla münasibətlərdə isə heç zaman problem yaşamayıb. Ona görə də Tehran Ermənistana yönəlik siyasətini dəyişməyə hazır deyil. Halbuki Avropa İttifaqı missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı, İranın da maraqlarını nəzərə almayıb”.