İranın sonuncu şahının xanımı: “Başlarının bəlada olduğunu və rejimin dəyişəcəyini bilirlər”
“Başlarının bəlada olduğunu və rejimin dəyişəcəyini bildiklərindən, keçmişə və Pəhləviyə maraq artdığından ləl-cəvahiratlardan bəhs etməyə başlayıblar”.
Bunu Məhəmmədtza şah Pəhləvinin həyat yoldaşı Fərəh Diba son günlər İranda şahın özü ilə apardığı sərvətlərlə bağlı yayılan məlumatlar, araşdırmalarla bağlı “Amerikanın səsi” radiosunun fars dilində redaksiyasına müsahibəsində bildirib.
Şahbanu Məhəmmədrza şahın ləl-cəvahiratlarından istifadə protokolunu açıqlayaraq deyib: “Kral rəsmi mərasim olanda mən yarım tac taxmalı olurdum. Bankda 4-5 nəfər yaxın adam taca baxıb ona aid sənədi imzalayardı. Bundan sonra mühafizəçilərlə birlikdə maşınla saraya gətirərdilər. Bundan sonra mən ondan müxtəlif mərasimlərdə istifadə edərdim. İstifadə etdikdən sonra yenə həmin mühafizəçilərlə banka aparardılar. 4-5 adam tacı geri götürər, baxar, sonra banka qoyardılar”.
Fərəh Diba deyib ki, hakimiyyət Mərkəzi Bankdan həmin ləl-cəvahiratı “oğurlamaq” istəyir. Şahbanu Tehran rejiminin bu məsələni gündəliyə gətirməsini də şərh edib: “Son zamanlar İranda Pəhləvi hakimiyyətinə maraq artıb. Onlar Mərkəzi Bankdakı bu ləl-cəvahiratı ələ keçirmək istəyirlər”.
O, qiymətindən asılı olmayaraq, dövlətə aid əşyaların bir yerdən başqa yerə icazə ilə daşındığını vurğulayıb: “Bu ağalar 44 ildən sonra bu hadisəni niyə yenidən yada salıblar? Şahidlər həmin ləl-cəvahiratın ötən bu illər ərzində Mərkəzi Bankda olduğunu təsdiqləyiblər”.
Fərəh Diba dövlət mülkiyyətinin qorunması ilə bağlı protokollara riayət olunmasının vacibliyi ilə bağlı daha bir konkret misal da çəkib: “Mən yeni tikilən xalça muzeyi ilə bağlı bir hadisəni xatırlayıram. Gülüstan sarayında olan xalçalardan birini muzeyə gətirmək istədim, onu hətta mənə vermədilər. Yəni icazə verilməli idi! Hər halda dövlətə aid olan əşyaları bir yerdən başqa yerə icazə ilə aparmaq olardı”.
Onun sözlərinə görə, ailəyə və Pəhləvi nəslinə aid olan əşyaları bir yerdən başqa yerə aparırmışlar: “Ancaq dövlətə məxsus olanları bir yerdən başqa yerə aparmaq olmazdı”.
Şahbanu Fərəh Pəhləvi koronavirus pandemiyası zamanı monarxın zinət əşyalarının ictimai ziyarətlərə bağlanmasına toxunaraq deyib: “Əlbəttə, bütün bu illər ərzində yüz minlərlə insan gedib bu daş-qaşları görüb. Hətta biz çıxanda belə “Keyhan” qəzetində hər şeyin yerində olduğu barədə yazmışdılar”.
Fərəh Pəhləvi xatırladıb ki, şah və şahbanu ölkəni tərk edəndən sonra bir sıra beynəlxalq jurnalistlər Niavaran sarayında olub, oranın toxunulmaz qaldığını göstərən şəkilləri lentə alıblar. O həmçinin vurğulayıb ki, Məhəmmədrza Pəhləvi özünə məxsus “Şahin” kimi tanınan “Boeing 707” təyyarəsini İrana verib.
Qeyd edək ki, bu günlərdə İran hökumətinin sözçüsü Əli Bahaduri-Cahormi tviter səhifəsində yazaraq İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ölkəni tərk edərkən İrana məxsus 35 milyard dolları, 384 çemodan ləl-cəvahiratı, brilliantı, 5 min brilliant olan 2 tacı, 50 ədəd zümrüdü və 368 mirvarini özləri ilə apardığını iddia etmişdi.