“Aqroservis” ASC-nin təmirinə ayırdığı vəsaitlə yeni nə qədər hasar çəkmək olar?

 

Kənd Təsərrüfatı Nazirliyi, ona tabeli qurumlar, xüsusilə də nazir İnam Kərimov və komandası son vaxtlar medianın gündəmindən düşmür. Məlum olur ki, aqrar sektorun inkişaf etdirilməsi adı altında İnam Kərimov və komandası bir çox oliqarx məmurlara məxsus torpaq sahələrində bizneslərinə daxil olan xərcləri dövlət hesabına həyata keçirirlər. Dövlətin aztəminatlı ailələrə, fermerlərə verdiyi dəstəkdən isə bu gün daha çox yararlananlar nazirin “islahatçı” kadrlarıdır desək, yanılmarıq. Aqrar sektorun inkişaf etdirilməsi məqsədi ilə fermərlərə güzəştli şərtlər adı altında baha satılan gübrələr, yanacaq, vaxtlı-vaxtında verilməyən subsidiyalar və texnikalar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Əslində isə son illər kənd təsərrüfatının inkişaf etdirilməsinə daha çox büdcə vəsaiti ayrılır. Bundan şəffaf və səmərəli istifadə etmək qalır İnam Kərimovun komandasının insafına.

İnam Kərimov və komandası isə əksinə, bunları fürsət bilib özlərinə məxsus təchizatçı şirkətlərlə işbirliyi qururlar. Aqrar sektorda islahatlar həyata keçirmək adı altında kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alışına şişirdilmiş rəqəmlərlə yüz milyonlarla manat vəsait xərcləyirlər. Hansı ki, aqrar sahəyə çəkilən belə izafi xərclər Kənd Təsərrüfatı Nazirliyinin bir çox maliyyə əməliyatlarında özünü açıq şəkildə biruzə verir. Aşağıdakı məlumatlarda olduğu kimi.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ucar Təchizat Bazasının hasarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə satınalma müqaviləsi 16.01.2023-cü il tarixdə bağlanıb. “Aqroservis” ASC qalib seçdiyi “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd etdiyimiz işlərin görülməsi üçün 326 536.16 manat dövlət vəsaiti ödəyəcək.

Qeyd edək ki, tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Buradan da maraqlı suallar meydana çıxır. Ucar Təchizat Bazasının hasarının uzunluğu və hündürlüyü nə qədərdi, cəmi neçə kvadratmetrdir ki, buranın təmirinə, tikintisinə yox, yalnız təmirinə üç yüz min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlə yeni nə qədər hasar çəkmək olar? Elə bu sual ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə  “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti arasında işbirliyi çoxdan var. Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti 24.05.2022-ci il tarixdə Gəncə Təchizat Bazasının hasarının təmiri işləri üzrə də “OMAR NN GROUP” MMC ilə 103 840 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Məlum olduğu kimi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yəni hazırki “Aqroservis” ASC 2020-ci ilə qədər “Aqrolizinq”  ASC kimi fəaliyyət göstərmişdir.

Bir az dərin araşdırdıqda məlum oldu ki, “Aqrolizinq” ASC-nin Tovuz rayon bölməsinin hasarının yenidənqurulması işlərinin satınalınması üzrə 54 574.33 manat məbləğində bir müqavilə də 04.03.2020-ci il tarixdə “İNŞAAT-İ.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hansı ki, bu MMC-yə məxsus VÖEN (1100157541) həm də “OMAR NN GROUP” MMC-yə aid olduğu göstərilir.

“Aqrolizinq” ASC-nin hasar təmiri əməliyatları bununla da bitmir. Belə ki, ASC Kürdəmir rayon bölməsinin uçmuş hasarının yenidənqurulması işlərinin satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da qalib “İNŞAAT-İ.” MMC olub və tərəflər arasında 20 164.94 manat dəyəri olan satınalma müqaviləsi 27.12.2019-cu il tarixdə bağlanılıb.

Qeyd edək ki, “OMAR NN GROUP” MMC -yə aid olduğu göstərilən VÖEN-lə (1100157541) 2021-ci ilə qədər “İNŞAAT-İ.” MMC kimi bir sıra tenderlərin qalibi olub. 2022-ci ildə isə  “İNŞAAT-İ.” MMC dönüb olub “OMAR NN GROUP” MMC. Bu adla isə 2022-ci ildə MMC yol çəkilişindən tutmuş təmir bərpa işləri üzrə bir neçə tenderin qalib olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ  SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, 4090\94 MƏH., ev 2/7, m. 118, qanuni təmsilçisinin isə Ömərov Namiq Nüsrət oğlu olduğu göstərilir.

MMC haqqında açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Görsənən odur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə MMC-lərin qanuni təmsilçisi kimi göstərilən Namiq Ömərov arasında ancaq hasarların təmiri  üzrə anlaşma olub. Hansı ki, heç bir tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Elə Ucar Təchizat Bazasının hasarının neçə kvadratmetr olduğunu öyrənmək cəhdlərimiz də boşa çıxdı. Bu əməliyyatın nələrə hesablandığını da elə buradan təxmin etmək olar. Əsas məqsəd bazanın hasarının təmiri deyil, bu əməliyyatdan daha çox bəhrələnməkdir.

Qeyd edək ki, “Aqroservis” ASC-nin rəhbəri Elmin Rəhmanovdur. O, sözügedən quruma 2019-cu ildə rəhbər təyin olunduqdan qısa müddət sonra özünə 298 min manata “Lexus” avtomobili alması ilə gündəmə gəlmişdi. Elə 2019-cu ildən də Elmin Rəhmanov Səhmdar Cəmiyyətin rayonlarda yerləşən bazalarına hasar təmiri əməliyatlarına başlayıb.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password