Təhsilin “saxta diplom” problemi
Bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.
“Belə tendensiya olub. Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”, – deyə nazir bildirib.
Bəs, bu cür saxta diplomlar necə əldə olunur? Hazırkı dövrdə də bu kimi tendensiyalar mövcuddurmu?
Məsələ ilə bağlı sualları cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov təəssüflə qeyd edib ki, müstəqiliyin ilk illərindən Azərbaycanın əmək bazarına kifayət qədər saxta diplomlu insanlar daxil oldular.
“Bir gün belə universitet auditoriyası görməyən adamlar müxtəlif diplomlar əldə ediblər və bu və ya digər sahələrdə özlərini kifayət qədər savadlı mütəxəssis kimi tədqim edirlər. Təhsildə bu cür halların olması yolverilməzdir. Bu kimi halların mövcudluğu bütün sahələrdə inkişafımıza birmənalı olaraq mane olur. Sertifikasiya həyata keçirməklə nazirlik bu sahədəki acınacaqlı vəziyyəti düzəldə biləcək. Azərbaycan məktəblərində kifayət qədər savadlı müəllimlər var. Lakin saxta diplomlu müəllimlər onların yerini də zəbt ediblər. İbtiadi sinif müəllimlərimizin sertifikasiya nəticələrinə baxsaq, acınacaqlı vəziyyəti görəcəyik. Savadlı müəllimlər də bu cür hallarla mübarizədə səslərini qaldırmalıdırlar. Ali təhsil müəssisələrində də mənzərə çox da yaxşı deyil. Xalq birlik nümayiş etdirərək ciddi şəkildə saxta diplomlu müəllimlərin məktəblərdən uzaqlaşdırılmasını tələb etməlidir”, – deyə o əlavə edib.
Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında deyib ki, 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər.
“Saxta diplomların, əsasən, köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurdular.
Xatırladım ki, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesləri hələ də bu günə kimi davam edir. Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Məhz “cəzasızlıq sindromu”na görə bu kimi hallar baş verir”, – deyə K.Əsədəov qeyd edib.
Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır, institutun lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur.
“Bəzən də möhür və ya imza saxta olur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə verirlər.
Belə bir “xroniki xəstəliyi” birdən -birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Bundan başqa, hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmən portala daxil olub verilən diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır”, – deyə ekspert əlavə edib./trend.az