Baş nazirə sürpriz təklif – “Bunun üçün ən yaxşısı odur”
Avropa Parlamenti Finlandiya Baş naziri Sanna Marinin Avropa Komissiyasına yeni rəhbər təyin edilməsi imkanını ciddi şəkildə müzakirə edir.
Bu barədə Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzeti yazır.
Qeyd edilir ki, Finlandiya hökumətinin hazırkı rəhbəri şübhəli işlərdən uzaq, vicdanlı siyasətçi kimi müsbət reputasiyaya malikdir. Marin Avropa İttifaqı hökumətinin başçısı postuna optimal namizəd kimi görünür. Xüsusən də Avropa Komissiyasının strukturları ətrafında baş verən son korrupsiya qalmaqalları fonunda.
Mənbənin bildirdiyinə görə, Avropa Parlamentinin deputatları Finlandiya baş nazirinin liberal fikirləri və onun Rusiyaya qarşı sərt mövqeyinə heyran qalıb. Bunun əksər fraksiyaların və təsir dairələrinin ona dəstəklərini təmin edəcəyi gözlənilir.
“Marin Brüsseldə skandallar və qalmaqallarla əlaqəli olmayan müstəsna siyasi superulduz hesab olunur, həmçinin ölkə hüdudlarından kənarda. Xüsusən də Ukrayna ilə bağlı açıqlamalarına görə məşhurdur”, – Avropa Komissiyasının adı açıqlanmayan üzvü nəşrə deyib.
Marinin özü hələlik Brüsseldəki mümkün karyerası ilə bağlı söz-söhbəti şərh etməyib və bunun üçün Finlandiyadakı karyerasını qurban verməyə hazır olub-olmayacağı hələ bəlli deyil.
Sanna Marin 2019-cu ildən Finlandiya hökumətinə rəhbərlik edir. Baş nazir seçilərkən 34 yaşı olub. Həmin vaxt o, dünyanın ən gənc hökumət başçısı idi.
Gənc yaşı, cazibədar görünüşü və aktiv həyat tərzinə görə Marin dəfələrlə tənqidçilərinin hücumuna məruz qalıb, amma hər dəfə onun reputasiyasına xələl gətirən sübut tapılmayıb.
Rusiyanın Ukraynada tammiqyaslı işğalı başlayandan sonra Marin sərt anti-Moskva mövqeyi tutub və Finlandiyanın NATO-ya üzv olması üçün kurs təyin edib.