Azərbaycan Prezidenti Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.
Görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulandı, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Qautam Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirib.
Söhbət zamanı Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda “Adani Group” ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlinib.