“Qaz böhranı İranda yeni etirazlara səbəb olub” – ABŞ institutu

 

“Davam edən qaz böhranı İranın şimal-şərqində yeni etirazlara səbəb olub. Yanvarın 16-da Xorasan Rəzəvi vilayətinin Torbat-e Cam şəhərində yerli qubernatorluq binası qarşısına toplaşan etirazçılar küçələrdə tonqal qalayıblar”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, vilayətdə mənzillərin istiliklə təmin olunmasında çətinlik yaranıb. İnstitutdan qeyd olunub ki, bəzi yerli sakinlər rejimin şəhərin elektrik enerjisini də kəsdiyini iddia ediblər.

Amerikalı analitiklərin fikrincə, bu enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər: “İran rəsmiləri son günlər milli “qaz böhranı” barədə getdikcə daha çox xəbərdarlıq edirlər. Bununla bağlı olaraq qaz istehlakını azaltmaq üçün bəzi əyalətlərdə banklar, ictimai obyektlər və universitetlər qısa müddətə bağlanılır. Baş verən etirazların əsas səbəbi qaz çatışmazlığı və siyasi təzyiqdir”.

Müharibə Araşdırmaları İnstitutunun təhlilinə görə, İran Müdafiə Nazirliyi yanvarın 16-da edam edilmiş Britaniya-İran ikili vətəndaşı Əlirza Əkbərinin müdafiə nazirinin müavini vəzifəsində çalışdığını təkzib edən bəyanat yayıb: “Bəyanatda Əkbərinin yalnız Müdafiə Araşdırmaları Departamentinin direktoru vəzifəsində çalışdığı iddia edilib. Müdafiə Nazirliyi, çox güman ki, Əlirza Əkbərinin xarici agent olması ilə bağlı yaranan ajiotajı azaltmağa çalışır. Ola bilsin, bu bəyanat həm də siyasi əhəmiyyət daşıyır”.

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) komandirinin müavini briqada generalı Əli Fədavi yanvarın 16-da bildirib ki, etirazlar zamanı 60 təhlükəsizlik zabiti ölüb. O, 5000-dən çox adamın yaralandığını söyləyib. “Müstəqil şərhçilərin fikrincə, 2022-ci ilin sentyabrından bu yana 73 zabit ölüb”.

Xatırladaq ki, İranda küçə etirazları təxminən 3 aydır ki, səngimir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin qətlindən sonra başlayıb.

Qeyd edək ki, Ə.Əkbəri yanvarın 13-də edam olunub. O, Böyük Britaniyaya casusluqda ittiham edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password