Tarixin ən bahalı silahı – Türkiyənin haqsızlığa uğradığı projedə ölümcül xəta

 

Beşinci nəsil çoxfunksiyalı döyüş təyyarəsi F-35 ABŞ donanmasındakı bir çox təyyarəni əvəz etmək üçün istehsal edilib. Amma illərlə davam edən gecikmələr, xərclər və texniki nasazlıqlar ABŞ Müdafiə Nazirliyini (Pentaqon) çətin vəziyyətə salıb. Türkiyə F-35 proqramında istehsalçı ölkələrdən biri idi, amma haqsız yerə projedən çıxarılıb.

F-35-lərin istənilən effekti verməməsi dünya mediasının da diqqətini çəkib.

Mütəxəssislərə görə, F-35-lərin problemləri kifayət qədərdir. Bunlar həm də təyyarənin istehsalında fasilələrə səbəb olur. Qırıcının “radarlara görünməz” xüsusiyyətini təmin edən xarici örtüyündə problemlər üzə çıxıb. Beləliklə, F-35-in düşünüldüyü qədər görünməz olmadığı iddia edilir. Pilotlar üçün xüsusi olaraq hazırlanmış kompüter ekranlı dəbilqələrin proqram təminatında təyyarəni təhlükə altına salacaq xətalar aşkar olunub.

Bundan əlavə, atış sisteminin həddindən artıq titrəmə yaratdığı, təyyarənin ildırıma qarşı həssas olduğu, mühərrikdəki problem səbəbindən dayanmadan səsdən yüksək sürətlə uçmağa məcbur olduğu bildirilir. Bu problemlərin bəziləri istehsalçı tərəfindən həll edilsə də, bu həllər istehsalın gecikməsinə və xərclərin artmasına səbəb olur.

İlkin olaraq, proqram tədqiqat, inkişaf və istehsal xərcləri ilə birlikdə 233 milyard dollara başa gəlməli idi. Ancaq səhvləri düzəltmək üçün xərclənən pulla proqramın 412 milyard dollara yüksəldiyi açıqlanıb. F-35 proqramı tarixin ən bahalı hərbi silah layihəsidir. Üstəlik, ABŞ üçün hər birinin dəyəri 100 milyon dollar olan 2745 ədəd F-35 istehsalı planlaşdırılmışdı.

Bu təyyarələr ABŞ Hərbi Hava Qüvvələrində F-16 və A-10, ABŞ Hərbi Dəniz Qüvvələrində isə F/A-18 təyyarələrini əvəz etmək üçün nəzərdə tutulmuşdu. Amma bu problemlərə görə Pentaqon hələ də tam istehsal icazəsi verməyib. F-35-in məhdud istehsalı ABŞ Hərbi Hava Qüvvələri və donanmasına da təsir edir. Bu bölmələr lazımi F-35-lə təmin oluna bilmir.

Pentaqon F-35-lərin buraxdığı boşluğu doldurmaq üçün köhnə nəsil F-16-ları arsenaldan çıxarmaq əvəzinə modernləşdirir. Ən son gəlişmələr fonunda mövcud F-16-ların 2040-cı illərə qədər xidmətdə olması planlaşdırılır. Ancaq bu modernləşdirmə fəaliyyətlərinə əlavə pulların xərclənməsi F-35 proqramını da çətinə salır.

ABŞ-dan başqa, İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Norveç, Danimarka, Kanada, İsrail, Yaponiya, Cənubi Koreya, Belçika, Polşa, Sinqapur, Finlandiya və İsveçrə də daxil olmaqla cəmi 16 ölkə F-35 istifadəçisidir. ABŞ Yunanıstana da sözügedən qırıcıdan satmağa hazırlaşır.

Proje başlayanda Türkiyə 100 ədəd F-35 döyüş təyyarəsi almaq üçün ABŞ-la razılaşmışdı. Amma 2019-cu ilin iyul ayında Türkiyə Rusiya istehsalı S-400 raketlərinin tədarükü ilə F-35 proqramından haqsız olaraq çıxarılıb. Türk şirkətləri F-35 təyyarələri üçün 1000-dən çox hissə istehsal edirdi. Türkiyə 2019-cu ildə F-35 proqramından çıxarılsa da, türk şirkətlərinin 2022-ci ilin sonuna qədər istehsala davam etməsi qərara alınmışdı./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password