İran əhalisi sürətlə yoxsullaşır – Həqşünas
İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, işsizlərin sayının çoxalması yoxsul təbəqəyə mənsub insanların sayını kəskin artırıb.
İranın Əmək Nazirliyinə tabe “Fərdaye iqtisad” nəşrinin yazdığına görə, 2021-ci ildə aparılan araşdırmalar ölkə əhalisinin təxminən 30 faizinin, yəni 25 milyon 500 min nəfərinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini göstərir. Günü-gündən daha da pisləşən iqtisadi vəziyyət hazırda bu statistikanın daha yüksək olduğunu deməyə əsas verir.
Məsələ ilə bağlı açıqlama verən tanınmış iranlı iqtisadçı Hadi Həqşünas minimum əmək haqqı və pensiyada ciddi dəyişiklik edilmədiyi halda digər təbəqələr arasında yoxsulluğun artacağını bildirib.
“Ən optimist halda minimum əmək haqqı artırılan xərclərin yarısını kompensasiya edə bilər. Lakin cari ildə dövlət işçilərinin gəlirləri alıcılıq qabiliyyəti baxımından ötən ildən azı 20-30 faiz az olacaq. Hökumət rəsmi olaraq inflyasiyanın 40 faizdən çox olduğunu açıqlayıb. Amma maaş artımı 20 faizdir. Bu o deməkdir ki, hökumət builki inflyasiyanı kompensasiya etməyib. 2022-ci ilin aprel ayından oktyabrın əvvəlinə kimi ölkədə ərzaq inflyasiyası 80 faizə çatıb. Buna görə də gəlirlərinin əsas hissəsi mənzil və ərzağa xərclənən aztəminatlı vətəndaşlar üçün maaşların 20 faizlik artımının mənası yoxdur və bu, onlara kömək etməyəcək”, – iqtisadçı bildirib.