Putinin bunkerində “mini-çevriliş” – Şoyqu və Gerasimov Priqojinlə Kadırova qalib gəldi

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı, “armageddon” Sergey Surovikinin isə ona müavin təyin edilməsi bir çoxları tərəfindən mənasız kadr yerdəyişməsi, yaxud Putinin iş görüntüsü yaratmaq cəhdi kimi qiymətləndirildi. Lakin bunun əksini düşünənlər də var və onların arqumentləri kifayət qədər tutarlı görünür.

Məsələ ondadır ki, artıq xeyli müddətdir Yevgeni Priqojin- Ramzan Kadırov cütlüyü Sergey Şoyqu-Valeri Gerasimov cütlüyünə qarşı savaş açaraq, Ukraynadakı məğlubiyyətlərin bütün günahlarını Müdafiə Nazirliyi rəhbərliyinin üzərinə atır. Bu zaman açıq təhqirlərdən hədə-qorxulara qədər hər cür vasitələrdən istifadə edilir. Onların ordudakı əsas dayağı isə son günlərə qədər Ukraynadakı qoşunlara başçılıq edən Sergey Surovikindir. Priqojin-Kadırov-Surovikin “üçlüyünü” cəsarətləndirən isə təbii ki, Putinin xeyir-duası və onlara “yaşıl işıq” yandırması idi.

Lakin belə görünür ki, Priqojin-Kadırov-Surovikin qrupu Şoyqu-Gerasimov birləşməsinə məğlub olur. Bu birləşməyə, əlbəttə ki, Rusiya generaliteti və ən əsası, Rusiya FTX-sı da daxildir. Çünki FTX-nın lap əvvəldən nə Kadırovdan, nə də Priqojindən xoşu gəlməyib. Çünki bu adamlar sistemdən kənar fiqurlardır və onların bu gün yüksək iddialarla çıxış etməsi hərbi-siyasi elitanı qətiyyən qane etmir.

Digər yandan, nə Priqojinin “Vaqner”i, nə də Surovikinin rəhbərlik etdiyi qoşun birləşmələri son bir neçə ayda hər hansı əhəmiyyətli uğur qazana bilmir. Hər nə qədər 10 min əhalisi olan Soledarın yarımçıq işğalını böyük zəfər kimi təqdim etməyə çalışsalar da, 10 minlərlə rusiyalının ölümü və yaralanması, böyük sayda hərbi texnika itkisi ilə müşayiət olunan bu cür cüzi irəliləmələr uğur hesab oluna bilməz. Bu sürətlə Ukraynanı zəbt etməyə illər yox, əsrlər lazım olacaq. Bunu pis-yaxşı anlayan Putinin yenidən Ukraynadakı orduya rəhbərliyi Gerasimova həvalə etməsi onu göstərir ki, Şoyqu-Gerasimov-FTX “üçlüyü” Putinin bunkerində “mini-çevriliş” həyata keçirə bilib və Priqojin-Kadırov-Surovikin “üçlüyü”nə qalib gəlib. Onu da qeyd edək ki, Putin eyni vaxtda Priqojinlə Kadırovun linç etməyə çağırdığı, təhqir və təhdid etdikləri, hətta asılmalı olduğunu dedikləri general Aleksandar Lapinə Quru Qoşunları komandanının müavini vəzifəsini verdi…

Ukrayna mətbuatı yazır ki, Putin iki gün öncə hərbi blokun rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə görüş keçirib. Görüşdə Soledarın “ələ keçirilməsinin” perspektivləri və cəbhədəki vəziyyət müzakirə edilib. Ona məlumat verilib ki, təkcə Soledarın ələ keçirilməsi həm Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həm də özəl şirkət döyüşçüləri arasında böyük itkilərə səbəb olur. Müdafiə Nazirliyinin ona təqdim etdiyi məlumata görə, Soledarın tutulması zamanı Rusiya tərəfdən ölənlərin ümumi sayı on mindən çox, Soledar-Baxmut sektorunda hücumun başlanmasından bəri isə itkilərin miqdarı iyirmi min nəfərdən çox insanın həyatıdır. Ölən və yaralananların 60%-dən çoxu özəl hərbi şirkətlərin döyüşçüləridir. Putin isə cavabında toplantıda iştirak edənləri Ukraynadakı məqsədlərə çatmaqda gecikmələrə görə danlayıb. O, Gerasimovu döyüş bölgəsindəki qoşunların komandanlığını öz üzərinə götürməyə dəvət edib və onun işinə müdaxilə etməyəcəyinə və Baş Qərargah rəisinin qəbul etdiyi qərarları dəstəkləyəcəyinə söz verib, həmçinin, tapşırıqlar yerinə yetirildikdən sonra o, müharibənin başlanğıcındakı uğursuz blitskriqi unudacağını vəd edib. Bu, o deməkdir ki, Ukraynadakı hərbi hissələrə real rəhbərliyi ələ almış Priqojin-Kadırov-Surovikin bloku etimadı doğrultmur…

Lakin bütün bunlar təkcə Priqojin və başının dəstəsinin yox, Putinin də məğlubiyyəti sayıla bilər. Məsələn, tanınmış rusiyalı politoloq Andrey Piontkovski son müsahibəsində Gerasimovun yenidən Ukraynadakı orduya rəhbər təyin olunmasını “Putinin ilk ciddi aparat məğlubiyyəti” adlandırıb. Belə ki, onun fikrincə, Putin Şoyqu ilə Gerasimovun tələbləri qarşısında geri çəkilmək məcburiyyətində qalıb. Onlar isə Putindən Priqojin-Kadırov tandeminin yerinə oturdulmasını, generalitetə qarşı hücumlara son qoyulmasını tələb edirdilər. Putin də öz növbəsində Priqojin-Kadırov “korporasiyası”nın işini dəyərləndirəndən sonra Ukraynadakı müharibəni peşəkar hərbçilərə həvalə etməyin daha doğru olduğu qənaətinə gəlib…

Piontkovski qeyd edir ki, hazırda Rusiya hərbi-siyasi rəhbərliyində baş verənlər bir növ II Dünya Müharibəsindəki durumu xatırladır. Belə ki, o zaman Stalin müharibəyə Voroşilov, Budyonıy kimi köhnə generallarla başlamışdı. Sonradan hərbi rəhbərlik daha müasir və gənc Jukov, Konev, Rokosovski kimi generalların ixtiyarına verildi. Bu da öz nəticələrini göstərdi. Putin də Gerasimovu və ona yaxın generalları Priqojin, Surovikin, Kadırov və bu dəstəyə aid digərləri ilə əvəz edərək, nəyəsə nail olmağa çalışdı. Lakin göründüyü kimi, nə Putin Stalindir, nə də Surovikin Jukovdur. Ona görə də Kremlin sahibi yenidən Gerasimova müraciət etməli oldu…

Bütün bunlarla yanaşı, əksər təhlilçilər hesab edirlər ki, Şoyqu-Gerasimov-FTX birliyinin qələbəsi daha çox daxili hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir və bunun Ukraynadakı savaşın gedişinə ciddi təsiri olmayacaq. Çünki zatən Rusiya ordusunun ən əzəmətli və güclü vaxtında – fevralın 24-də işğala başlayanda ona elə Gerasimov və Şoyqu rəhbərlik edirdi. Kiyev ətrafındakı məğlubiyyət və digər məğlubiyyətlər də elə onların birbaşa rəhbərliyi altında baş vermişdi… /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password