Kimlərin müavinət, təqaüd və maaşları artdı? – İZAH
Prezident İlham Əliyev bu gün yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladı.
Yeni sosial islahat çərçivəsində olan artımların geniş izahını təqdim edirik:
Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamı ilə doktorant və tələbələrin təqaüdləri artırıldı.
Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.
Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
magistratura səviyyəsi üzrə akademik göstəriciləri
– 91-100 bal olan tələbələr üçün – 195 manata,
– 71-100 bal olan tələbələr üçün – 160 manata,
– 51-100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri :
– 91-100 bal olan tələbələr üçün – 175 manata,
– 71-100 bal olan tələbələr üçün – 145 manata,
– 51-100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
91-100 bal olan tələbələr üçün- 100 manata,
71-100 bal olan tələbələr üçün – 80 manata,
51-100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün – 100 manata,
“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün – 80 manata,
“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqları artırıldı
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
Həmin təşkilatlara aiddir:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı
Heydər Əliyev Mərkəzi;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.
Ümumilikdə bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir.
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezident təqaüdlərində də artımlar edildi.
Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.
İmzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:
Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü – 600 manata çatdırılır;
Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) – 500 manata,
61-80 faiz pozulmasına görə (II dərəcə) – 400 manata,
31-60 faiz pozulmasına görə (III dərəcə) – 330 manata çatdırılır;
Uşağın anadan olmasına görə birdəfəlik müavinət – 500 manata çatdırılır;
Dəfn üçün birdəfəlik müavinət – 500 manata çatdırılır;
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət – 300 manata çatdırılır;
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) – 270 manata,
61-80 faiz pozulmasına görə (II dərəcə) – 220 manata,
31-60 faiz pozulmasına görə (III dərəcə) – 150 manata çatdırılır;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü -300 manata çatdırılır;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü -200 manata çatdırılır;
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü -330 manata çatdırılır;
Yaşa görə müavinət – 220 manata çatdırılır;
Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) – 120 manata çatdırılır;
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət – 100 manata çatdırılır;
Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət – 105 manata çatdırılır;
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü – 100 manata çatdırılır;
Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:
elmlər doktoru elmi dərəcəsinə görə – 500 manata,
fəlsəfə doktoru elmi dərəcəsinə görə – 300 manata çatdırılır;
Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə – 200 manata,
“Əməkdar” fəxri adına görə – 150 manata çatdırılır;
Prezidentin fərdi təqaüdü – 1500 manata çatdırılır;
Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.
Qeyd edək ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.