“Fitch Solutions”: “Azərbaycan iqtisadiyyatında artım bu il son 10 ilin orta göstəricisindən yüksək olacaq”
2011-2021-ci illər arasında 1,3 % səviyyəsində qeydə alınmış tarixi orta göstəriciyə nisbətən Azərbaycan iqtisadiyyatının artım tempinin bu il daha yüksək olacağı proqnozlaşdırılır.
Bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.
“Fitch Solutions” Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) bu il 3,7 % böyüyəcəyini gözləyir, 2022-ci il üçün isə artım tempini 5,1 %-dən 4,5 %-ə endirib: “Bu, ötən ilin noyabrına olan rəqəmləri əks etdirir ki, bu da illik əsasda iqtisadiyyatın 2021-ci ilin sonundakı 5,6 %-dən 4,8 % yavaşladığını göstərir”.
Hesabata görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və buna cavab olaraq ABŞ və Avropa İttifaqının Rusiyanın enerji ticarətinə qarşı sanksiyalar tətbiq etməsi ilə qlobal enerji qiymətləri 2022-ci ildə yüksəldib: “2022-ci ilin sonlarına doğru və qismən bu il qlobal tənəzzül gözləntiləri və mövsümi qaz istehlakını azaldan Avropada gözləniləndən daha isti qış səbəbi ilə enerji qiymətləri kəskin şəkildə düşüb.
Neft və qaz komandamız 2023-cü ildə neft qiymətlərinin 2022-ci ildəki 102 ABŞ dolları/barellə müqayisədə orta hesabla 95 ABŞ dolları/barel, təbii qazın qiymətinin isə 133 avro/MVt/saatdan 125 avro/mVt/saata düşəcəyini proqnozlaşdırır.
Son aylarda bu göstərici ilə bağlı risklər artsa da, enerji qiymətlərinin hələ də müharibə və pandemiyadan əvvəlki səviyyələrdən yuxarı olacağını gözləyirik”
“Fitch Solutions” hesab edir ki, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50 %-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna təsir göstərəcək: “Bununla belə, ümumi əsas kapitalın formalaşmasının Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca və nəqletmə həcminin artırılması istiqamətində investisiyalar qoyulduqca, 2023-cü və növbəti illərdə artıma daha çox töhfə verəcək”.