Vasif talıbovun milyardlıq əmlakları “Əl dəyişir”! – Bala Talıbovun günü notariusda keçir; Türkiyədəki 2 oteldə də yeni idarəçilər var!
Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbov vəzifədə olduğu illərdə kriminal yollarla əldə etdiyi, ümumi dəyəri milyardlarla dollar olan daşınmaz əmlakları təhvil-təslim edir.
Məlumatlara görə, Talıbovların Naxçıvan MR-də – Naxçıvan şəhərində və MR-in rayonlarında yerləşən böyüklü-kiçikli yüzlərlə əmlakı alqı-satqı yolu ilə notarial qaydada başqalarının adına keçirilib. Proses V.Talıbov istefa verdikdən dərhal sonra başlayıb və indi də davam edir. V.Talıbovun Türkiyənin turizm bölgəsində – Bodrumda yerləşən ən azı 2 otelinin də artıq satıldığı dəqiqdir. Bu otellərdən biri Muğla rayonundadır, məlumatlı mənbənin bildirdiyinə görə, Talıbovlar bu otelin tikintisinə 200 milyon dollar xərcləyiblər. Bu böyüklükdə vəsait isə Türkiyəyə “qara yollarla” daşınıb. Mənbənin dediyinə görə, Talıbovların işçisi olan şərurlu bir gənc bu vəsaiti hissə-hissə “Prado” markalı avtomobilin yük yerinə quraşdırılmış seyfdə daşıyıb. Maraqlıdır ki, bu zaman Türkiyə gömrüyü də maşında heç bir yoxlama aparmayıb. Avtomobil sərbəst şəkildə həm Naxçıvan gömrüyünü, həm də Türkiyə gömrüyünü keçərək, milyonlarla dollar pulla Muğlaya doğru istiqamət götürüb.
Talıbovların kiçik Naxçıvanda yerləşən əmlakları və bizneslərinin ümumi dəyəri isə milyardlarla manatla ölçülə bilər. Bura saysız-hesabsız istehsal və xidmət sahələri, otellər, restoranlar, supermarketlər, yaşayış binaları və mənzillər, bank, beton zavodlar, villalar və sairə daxildir. Naxçıvan şəhərində yerləşən otel binaları, iri ticarət mərkəzləri, gözəgəlimli yeni tikililərin 99 faizi bu qaniçən ailəyə məxsus olub. Yüzlərlə dəyərli əmlak, xidmət sahəsi Seymur Talıbov və onun quldur dəstəsi tərəfindən zorla ələ keçirilib. Məsələn, “Dost qapısı” adlı qiymətli restoran Seymurun bacanağı tərəfindən zorla özününküləşdirilib. Hazırda bu əmlakların əsl sahiblərinə qaytarılması prosesi də gedir.
Bəs Talıbovların ələ keçirdikləri bu əmlakları alanlar kimlərdir və əldə olunan milyardlarla vəsait hara gedir?
Məlumata görə, alıcı kimi əsasən Türkiyədən olan iş adamları çıxış edir. Əldə olunan vəsait isə, şübhəsiz ki, Talıbovların əlindən alınır. Yekun nəticədə milyardlarla manat təşkil edəcək bu vəsaitin Qarabağın tikintisinə yönəldiləcəyi bildirilir.
Yeri gəlmişkən, V.Talıbovun qəzəbə gəlməsinin səbəblərindən biri kimi, onun Qarabağın tikintisinə kömək etmək təklifindən qəti şəkildə imtina etməsi də göstərilir. Məlumatlı mənbənin bildirdiyinə görə, Talıbova Ağalı kəndi tipində 5-6 qəsəbənin tikintisini maliyyələşdirmək təklif olunub. Lakin o, “mənim pulum yoxdur” deyə, özündənəmin halda təklifi rədd edib. Bundan sonra bu harın insana “harınlığının dərəcəsini”, yəni əslində nə qədər pulunun olduğunu sübut edən əməliyyat başlayıb. Həbs olunan bir neçə məmur qısa müddətdə şəxsən Seymur Talıbova talanmış yüz milyonlarla dövlət vəsaitini təqdim etdiklərinə dair ifadələr veriblər. Bundan sonra ayağı yerdən üzülmüş “fironu” göyün yeddinci qatından yerə endirmək mümkün olub və o, istefa verməkdən başqa yolunun olmadığına əmin olub.
Qeyd edək ki, V.Talıbov hazırda faktiki olaraq ev dustaqlığındadır. Bu müddət ərzində cəmi bircə dəfə milyonluq imarətinin çöl qapısına yaxınlaşıb. “Xan”ın tük basmış üzündə yüz illərin dərin kədəri müşahidə olunub. Oğlu Seymur Talıbov isə hələ ki, evini tez-tez tərk edə bilir – demək olar hər gün notariat kontoruna aparılır və burda kameranın qarşısında alqı-satqı sənədlərinə imza atır.
Naxçıvanda hamı əmindir ki, bu acğöz, canavar xislətli adamlar çox yaşamayacaqlar – 30 il ərzində minbir “zülmlə” ələ keçirdikləri bu qədər əmlakın itirilməsinə onların ürəkləri tab gətirməyəcək…