Prezidentdən növbəti qətiyyətli addım: Anti-Azərbaycan təbliğatı darmadağın edildi
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Ölkə başçısı həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Millət vəkilinə görə, Prezident ölkəmizin yeni mərhələdə regionda sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi: “Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistanın Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsi, ekoloji terror törətməsi yolverilməzdir. Azərbaycanın bu ərazilərdə baş verən proseslərə öz mövqeyini ortaya qoyur. Laçın yolunda ekoloqların dinc etiraz aksiyası da bunu təsdiqləyir. Eyni zamanda, Ermənistan vaxtaşırı olaraq hərbi təxribatlar törədir. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək”.
Sevinc Fətəliyeva hesab edir ki, Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürür və qətiyyətli mövqe sərgiləyir: “Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional-iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”.
Deputatın fikrincə, Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir: “Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır”./teleqraf.com