Komandoların, XTQ-nin, dəniz piyadalarının sayı artırılıb, yeni xüsusi təyinatlı dəstələr yaradılıb
“Yaxın beş il ərzində Azərbaycan Ordusunun şəxsi heyəti, piyada qoşun növləri tam peşəkarlaşacaq və bu da ordumuzun mobil, güclü hərbi birləşmə səviyyəsinə gəlib çatmasına kömək edəcək”.
Bunu açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, mövcud vəziyyət, qarşıda duran tapşırıqlar haqqında və Azərbaycan hərbi sənayesinin mövcud potensialı barədə bu qədər geniş fikirlər səsləndirdiyini deyib. Belə ki, Prezident dolayısı ilə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində peşəkar ordunun tam formalaşdırılması, yəni peşəkar döyüşçülərin, hərbçilərin sayının artırılması və Silahlı Qüvvələrin bu istiqamətdə kompleksləşdirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı hərbi birləşmələrin sayının artırılmasını vacib məqam olaraq qeyd edib:
“Təkcə, Müdafiə Nazirliyinin deyil, eyni zamanda Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların və Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı dəstələri yerüstü əməliyyatların aparılmasında ciddi uğurlar əldə etdilər. Bu baxımdan Hadrut, Qubadlı, Zəngilan, Şuşa və Murovdağ Zirvəsində aparılan əməliyyatları xüsusi qeyd etməliyik. Habelə, dövlət başçısının da bildirdiyi kimi komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırılıb. Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsində artıq ordunun tam peşəkarlaşması istiqamətində işlərin aparıldığını və bundan sonra bu prosesin davam etdiriləcəyinin mesajını verdi. Bu, həm Azərbaycanın dostlarına, həm də düşmənlərinə yönəlmiş mesajlar idi. Bu mesajları düzgün dəyərləndirməyənlər isə sanki özünə su-qəsd edir” -, o, söyləyib.
“Ölkə son 17 ildə müdafiə sənayesi kompleksində böyük uğurlara imza atıb. Hazırki vəziyyət isə müdafiə sənayesi kompleksinin daha da təkmilləşməsini tələb edir. Müdafiə sənayesi kompleksi neft bazarından sonra dünyada ən əhəmiyyətli yerlərdən birini tutur. Biz bu sahəni inkişaf etdirməklə, onun istehsal potensialını artırmaqla daha böyük uğurlara imza ata bilərik. Hesab edirəm ki, cənab Prezidentin bu məsələ ilə əlaqədar fikirləri də Azərbaycan müdafiə sənayesi kompleksinin inkişafına təkan verəcək və bu sahədə fəaliyyət göstərən müəssisələrin stimullaşdırılmasına gətirib çıxaracaq”.