KİV: “Rusiya Baxmutda ciddi itkilər verir, qazandığı kiçik taktiki uğurdur”
“Rusiya Baxmutda ciddi şəxsi heyət itkiləri verir. Bunun əvəzində qazandığı isə kiçik taktiki uğurdur”.
Bu barədə ABŞ-ın “Blumberq” nəşrində Mark Çampion və Alberto Nardellinin müəllifləri olduğu “Ukraynanın döyüş meydanları donur. Bu, müharibə üçün nə deməkdir?” adlı məqalədə yazılıb.
Bildirilib ki, Rusiya ordusu Baxmut və yaxınlıqdakı Soledarı almağa çalışır: “Ukrayna qoşunları isə Kreminna və Svatoveyə hücum edir. Rusiya analoji səhvə yayda da yol vermişdi. Beləliklə, Ukraynanın uğurlu əks-hücumlarına şərait yaranmışdı. Son günlər Ukraynanın şərqində havanın temperaturu xeyli aşağı olub. Torpaq sərtləşib və hər iki tərəfin potensial qış hücumları üçün şərait yaradılıb”.
Məlumata görə, Svatovenin ələ keçirilməsi Ukraynaya Donbasdakı əməliyyatlar üçün Rusiyanın əsas logistik marşrutunu kəsməyə imkan verəcək: “ABŞ, Almaniya və Fransadan yeni alınan zirehli döyüş maşınları Ukraynaya yeni hücum üçün daha yaxşı imkan yaradır. Bu arada Kiyev rəsmiləri Ukraynanın paytaxtından cəmi 150 km şimalda yerləşən Belarusdan Rusiyanın yenidən hücumu ehtimalından narahat olduqlarını bildiriblər. Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Krım yarımadasını ilhaq edərək oranı hərbi bazaya çeviriblər. Bəzi hərbi analitiklər Ukraynanın Krımı geri ala biləcəyinə şübhə ilə yanaşırlar”.
Analitiklərin fikrincə, Baxmut döyüşləri hava şəraitindən asılı olmayaraq şiddətlə davam edəcək: “Baxmut nisbətən az strateji əhəmiyyətə malik olsa da, rus komandirləri oranı ələ keçirməkdə israrlı görünürlər”.