Yaxın aylarda antiterror əməliyyatı başlaya bilər
“Müharibə olmasa da, antiterror əməliyyatı mütləq olacaq. Çünki bölgədəki vəziyyət tənzimləmək yenə də Azərbaycanın öhdəsinə düşür. Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını gözlədi və sonda özü məcbur olub bu qərarları həyata keçirdi. İndi də buna oxşar vəziyyət yaranıb. Ötən il baş tutan Moskva, Brüssel, Soçi və Praqa görüşlərinin nəticəsi olmadı. Üstəlik Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür. Odur ki, yaxın aylarda antiterror əməliyyatının olması ehtimalı yüksəkdir”.
Bunu politoloq Cümşüd Nuriyev deyib.
O əlavə edib ki, indiki situasiyada Ermənistan qəti qərar qəbul edə bilmir.
Onun sözlərinə görə, ermənilər dörd istiqamətdə təzyiq altında qalıblar: “Qərb burada möhkəmlənmək üçün regiona daxil olmaq istəyir, Rusiya regiondan çıxmaq istəmir. Türkiyə Azərbaycanın müttəfiqi kimi mövqeyini gücləndirir. İran isə Fransa ilə birlikdə Ermənistanı dəstəkləyir. Belə bir situasiyada Paşinyanın qəti qərar vermək imkanı aşağıdır. Bunun da səbəbi odur ki, əvvəla Nikol Paşinyan uzaqgörən siyasətçi deyil, eyni zamanda Ermənistanda Qərb və Rusiyaya bağlı qüvvələr güclüdür. Eləcə də bölgədə baş verən proseslərdən İrəvan qaçır. Bu proseslərdən yayındığına görə məsələlərdə həlledici rola malik deyil. Nəhayətdə Ermənistan nə iqtisadi, nə də hərbi potensiala malik dövlət deyil”.
Mütəxəssis qeyd edib ki, dünya erməniləri dünənə qədər bir yerə toplaşırdı, çünki bu, biznes layihəsi idi və başında da kilsə dururdu:
“İndi II Qaragen də bu səbəbdən səs-küy salıb. Artıq bu missiyanı Vardanyan üzərinə götürüb. Onu Moskvadan elə-belə göndərməyiblər. Rusiya da ikili oyun oynayır. Azərbaycan da bunu çox yaxşı bilir. Odur ki, bu siyasət də alınmayacaq”.