SSRİ-nin keçmiş naziri Qarabağdan bir çamadan pulla qaçıb – Caliber.az

 

Bir gün əvvəl, yanvarın 8-də separatçı birləşmənin qalıqlarının “dövlət naziri” Ruben Vardanyan son vaxtlar kifayət qədər olan çıxışlarına daha birini əlavə edib. Bu dəfə müraciəti nisbətən həcmli olsa da, sözlərindən bir məqam bizi maraqlandırmasaydı, çətin ki, ona fikir verərdik.

Belə ki, Vardanyan bəzi varlı sakinlərin Xankəndidən qaçması hallarından şikayətlənib.

“Bizdə bir neçə belə hal oldu, bu isə mənim üçün qəbuledilməz olan vəziyyəti açıq şəkildə göstərir. Məsələn, biz bilirik ki, varlı bir ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, böyük əks-səda doğurub”, – deyə o bildirib.

Redaktorlarımız Vardanyanın kimləri nəzərdə tutduğunu öyrənə bilib. Məlumatlı mənbələrin verdiyi məlumata görə, “dövlət naziri” Qriqori Arkadyeviç Qabrielyantsın ailəsini nəzərdə tutub. 1934-cü ildə Bakıda anadan olan Qabrielyants sovet geoloqu olub, 1989-1991-ci illərdə isə SSRİ geologiya naziri vəzifəsində çalışıb.

Bir neçə gün əvvəl Rusiya sülhməramlılarının nümayəndələri Azərbaycan tərəfinə Qabrielyantsın Xankəndidən “tibbi” təxliyəsinin tələb olunduğunu bildiriblər. Müraciətdə qeyd olunub ki, 88 yaşlı keçmiş nazirlə birlikdə sülhməramlıların helikopterində koronavirusa yoluxmuş iki rusiyalı əsgər də olacaq.

Bildirilib ki, Qabrielyants hava limanının terminalına daxil olub, özü də yaşına və sülhməramlıların “tibbi” evakuasiya xəbərinə baxmayaraq, tamamilə gümrah görünüb, öz ayaqları üzərində gedib. Onu həyat yoldaşı müşayiət edib. Keçmiş nazirin əlində, bizdə olan məlumata görə, pulla dolu qara diplomat olub.

Belə çıxır ki, sülhməramlıların köməyi ilə keçmiş yüksək rütbəli sovet məmuru üçün “VİP tur”, daha dəqiq desək, Xankəndidən Erebuniyə – Rusiya ordusunun hərbi bazasına qaçış təşkil olunub. Eyni zamanda yuxarıda adı çəkilən “iki xəstə əsgər” Xocalı aeroportunda görünməyib.

Təbii ki, Qarabağda hava əlaqəsi yalnız rəsmi Bakının icazəsi ilə həyata keçirilir – əgər Azərbaycan tərəfi sülhməramlıların müraciətindən imtina etsəydi, o zaman Xocalı aeroportundan bir təyyarə də səmaya qalxa bilməzdi. Ancaq imkanlı Qarabağ erməniləri öz əlaqələrindən və maliyyə imkanlarından istifadə edərək cinayətkar Vardanyan-Arutyunyan duetinin hakimiyyətindən qaçmağa çalışırlarsa, onda biz onlara mane olmayacağıq./caliber.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password