Azərbaycanlı snayper Ziba Qəniyeva haqqında film çəkildi
İkinci Dünya müharibəsində snayper kimi ad çıxarmış azərbaycanlı Ziba Qəniyeva haqqında “Özbəkfilm” və “Belarusfilm” studiyalarının birgə istehsalı olan ekran əsəri çəkilib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Qeyd edək ki, Ziba Qəniyeva əslən Şamaxı rayonundandır. 1923-cü ildə Özbəkistanın Gülistan şəhərində doğulub. 1937-ci ildə valideynləri repressiyaya məruz qalıblar. Sənətə böyük marağı olan Ziba Daşkəndə gedərək Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsində məşğul olmağa başlayır. 1940-cı ildə Moskvaya gedir və Dövlət Teatr Sənəti İnstitutuna daxil olur.
1941-ci ildə müharibənin başlaması onun sənət arzularını yarımçıq qoyur. Ziba tibb bacısı peşəsini öyrənmişdi, hospitalda çalışırdı. Sonra qısamüddətli atıcılıq kurslarına yazılır. 1941-ci il noyabrın 7-də Moskvada, Qızıl meydanda keçirilən paradda iştirak edir və cəbhəyə yollanır. Ziba Qəniyevanın cəbhədəki hünəri, snayperlik bacarığı həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olub. Tanınmış yazıçı Boris Polevoy onun haqqında “Pravda” qəzetində yazmışdı. O, 129 faşist məhv edən snayper kimi şöhrət qazanmışdı…
Müharibədən sonra Moskvada yaşayan Ziba Qəniyeva azərbaycanlı sənətçilərlə, o cümlədən məşhur rəssam Tahir Salahovla dostluq edib. Tahir Salahov Ziba Qəniyevanın portretini çəkdikdən sonra heykəltəraş Cəlal Qaryağdı “Snayper Ziba Qəniyeva” adlı əsər yaradıb.
Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.