Azərbaycanın 2022-ci ildə azı 145 hərbçisini itirib (HESABAT)
“2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Onlardan 87 nəfəri döyüş (85 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), 58 nəfəri isə qeyri-döyüş itkiləridir”.
Bu açıqlama Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) yanvarın 8-də yaydığı hesabatda əks olunub.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu xatırladıb ki, 2021-ci ildə ildə ən azı 84 hərbi qulluqçu həyatını itirmişdi: “Onlardan 18 nəfəri döyüş, 66 nəfəri isə qeyri-döyüş itkisi idi”.
“Ümumilikdə – 2022-ci ildə 85 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 11 nəfər avtoqəzadan, 9 nəfər müxtəlif xəstəliklərdən, 6 nəfər qeyri-nizamnamə hadisələrindən, 6 nəfər naməlum səbəblərdən, 4 nəfər isə bədbəxt hadisə nəticəsində ölüb”, – deyə hesabatda vurğulanıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu ötən il 22 hərbi qulluqçunin intihar etdiyini bildirib.
İnstitut qeyd edib ki, ötən ildə ölənlərdən 105 nəfər Müdafiə Nazirliyinin, 32 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 4 nəfər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, 2 nəfər isə Prezidentin Təhlükəsizlik Xidmətinin qulluqçusu olub: “Onlardan 89 nəfər əsgər, 30 nəfəri MAXHQ, 2 nəfər gizir, 24 nəfər isə zabit rütbəsindəydi”.
“2022-ci ildə ümumilikdə isə ən azı 304 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”, – hesabatda belə yazılıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır:
“Xüsusilə də 2022-ci ildə baş verən itkilər diqqət çəkir. İntiharlar, texniki qəzaların nəticəsində onlarla hərbi qulluqçunun dünyasını dəyişməsi güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir”.
İnstitut yaxın gələcəkdə regiondakı digər ölkələrin – Ermənistan və Gürcüstanın Təhlükəsizlik və Müdafiə Sektorunda ötən ildə baş verən itkilərin müqayisəli təhlilini təqdim edəcəyini açıqlayıb: “Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ümumilikdə ən azı 4.419 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3573 nəfər döyüş itkisidir. 846 nəfərsə qeyri-döyüş itkiləridir. Həmçinin 2003-2022-ci illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən çox olub”.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir./aztoday.az