İrana qarşı şok həmlə: Dosye bağlandı, anlaşma gündəmdən çıxarıldı
İranda sosial-iqtisadi problemlər qarşısında küçə nümayişləri böyüdükcə, sanksiyaların ləğvi və iqtisadiyyatın nisbətən dirçəlməsi mənasına gələn yeni nüvə sazişinin imzalanacağı ehtimalı azalır.
İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvlər arasında 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) kimi tanınan nüvə sazişinin yenidən həyata keçirilməsi ilə bağlı müzakirələr demək olar, gündəmə gəlmir.
Digər yandan, KOEP-ə qarşı çıxması ilə tanınan mühafizəkar İbrahim Rəisinin prezidentliyi və molla rejiminin ölkədə davam edən aksiyalarda zorakılığa əl atması fonunda Qərbin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi tərəflərin nüvə razılaşmasından uzaqlaşmasına səbəb olub.
İsraildə İrana qarşı müxalifəti ilə seçilən Likud Partiyasının lideri Binyamin Netanyahunun yenidən baş nazir seçilməsi də nüvə anlaşmasının çətin olacağına işarələrdən biri hesab olunur.
İranla nüvə sazişinin bərpası ilə bağlı danışıqlar bir müddətdir ki, dayanıb. Bundan başqa, müxtəlif gəlişmələr və açıqlamalar da prosesin dalana dirəndiyini təsdiqləyir.
ABŞ Prezidenti Co Baydenin “İranla nüvə sazişi ölüb” dediyi anın görüntüsü sosial mediada gündəm olub.
“Saziş öldü, amma biz bunu rəsmi olaraq elan etməyəcəyik. Bunun bir çox səbəbləri var”, – ABŞ prezidenti deyib.
Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi isə bu məsələnin ümumiyyətlə gündəmdə olmadığını söyləyib: “İranla nüvə sazişi hazırda prioritetimiz deyil, gündəmimizdə də yoxdur”.
Kirbi sazişlə bağlı hər hansı bir gəlişmənin olmadığını vurğulayıb: “İran öz xalqını öldürməkdə və Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satmaqda davam etdiyinə görə, tezliklə razılaşmanın olacağını proqnozlaşdırmırıq”.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger isə bildirib ki, hazırda İranla nüvə danışıqlarının bərpası üçün heç bir işarə və ya səbəb yoxdur: “Hazırda bizim prioritetimiz danışıqlar deyil, öz azadlığı, həyatı və ləyaqəti uğrunda küçələrdə etiraz edən insanların yanında olmaqdır”.
Bəzi iranlı ekspertlər də razılaşmaya qayıtmağın mümkün olmadığını deyirlər.
Keçmiş iranlı diplomatı Firidun Məclisi “Etemadonline” xəbər saytına bildirib: “Nüvə sazişinin bərpası çətin görünür. İran rəsmilərinin danışıqlara hazır olduqları barədə bəyanatlarının prosesi uzatmaqdan başqa məqsədi yoxdur. Bu gün hakimiyyətdə olanların bəziləri əvvəldən KOEP-in əleyhinə idilər”.
İranlı siyasi ekspert Mehdi Mütəhhərniyə 2015-ci ildə imzalanan nüvə sazişinin öldüyünü və İranda insan haqları dosyesinin KOEP-i qabaqladığını deyib:
“Keçmiş xarici işlər naziri Cavad Zərifin 2015-ci ildə imzaladığı müqavilə geri qayıtmayacaq. ABŞ İnqilab Keşikçiləri Korpusuna (SEPAH) qarşı yeni sanksiyalar tətbiq edib. Bundan başqa, İranda insan hüquqları dosyesi KOEP-i üstələyir”./teleqraf.com