I ixtisas qrupu üzrə qəbul qaydaları niyə dəyişdi?
Ekspertlər imtahanlara informatika fənninin əlavə olunmasını mühüm hesab edir
Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib. Bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub. Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, I ixtisas qrupunda ən yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar birbaşa informatika ilə bağlıdır. Ekspert hesab edir ki, I ixtisas qrupu üzrə qəbul imtahanlarına informatika fənninin əlavə olunması mühüm müsbət dəyişiklikdir: “I ixtisas qrupunda kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması, sistem mühəndisliyi, informatika müəllimliyi kimi bir çox ixtisaslar var. Bu ixtisaslara qəbul olanların bilik və bacarıqlarını daha da artırmaq, yüksək səviyyəli mütəxəssislər hazırlanması üçün qəbul imtahanlarına informatika fənni əlavə olunması mühüm müsbət dəyişiklikdir. Hazırda rəqəmsal inqilab dövründə yaşayırıq. Bütün dünyada müasir informasiya cəmiyyətləri qurulmaqdadır. Təbii ki, belə bir cəmiyyətdə informasiya emalı vərdişlərinə sahib olmadan müasir ixtisaslara sahib olmaq, yaxud müasir vərdişlərə yiyələnmək qeyri-mümkündür. Bu cəhətdən baxsaq, bütövlükdə tədris prosesində informasiyanın emalını, informatika fənninin məzmununu daha da müasirləşdirmək zəruridir. İnformasiya ilə işləməklə bağlı şagird və tələbələrə həm texnologiyalara, həm də vərdiş və biliklərə sahib olmaq bu gün həyati dərəcədə əhəmiyyətlidir. Əslində Elm və Təhsil Nazirliyi tərəfindən ali və orta məktəblərdə informatika fənninin məcburi fənn kimi tədris olunması, DİM tərəfindən I ixtisas qrupuna informatika fəninin əlavə olunması təqdirəlayiq haldır”.
K.Əsədov vurğuladı ki, qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışların, alqoritmlərin və kodlaşdırma öyrədilir: “Nəzərə alsaq ki, bu gün qəbul imtahanları Azərbaycanda təhsilin məzmununa kifayət qədər təsir edir, deməli, informatika fənninin I ixtisas üzrə qəbul imtahanı siyahısına daxil edilməsi orta məktəblərdə bu fənnin tədrisinə müsbət təsir edəcək, şagirdlər daha maraqla bu fənni oxuyub öyrənəcəklər. Hesab edirəm ki, belə bir addımın atılması kadr hazırlığı istiqamətində faydalı olacaq. Məhz belə bir addımın atılması həm də bu fənnin tədris olunduğu zaman yeni-yeni məzmunların yaranmasına, bu fənnə qarşı tələbin yüksəlməsinə, şagirdlərin bu fənnə daha da məsuliyyətli yanaşaraq öyrənməsinə səbəb olacaq. Ümumilikdə götürsək, bu gün Azərbaycan iqtisadiyyatı müasirləşir. Müasir dayanıqlı inkişaf qururuq. Həm iqtisadi, həm də sosial cəhətdən gələcək nəslin informatika fənninin tələblərini daha çox bilməsi, informasiya emalı vərdişlərinə yiyələnməsi çox vacibdir. Fakt olaraq qeyd edim ki, bu il ölkəmizdə təxminən 6 min nəfər yaxın şagird İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olunub. Lakin son iki ildə abituriyentlərimiz informatikanı bir kənara tullayaraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər informatika əvəzinə kimyadan imtahan vermək məcburiyyətindədir. Digər tərəfdən, hazırda orta ümumtəhsil məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var. Söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir. Beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridir. Xüsusilə bölgələrdə kompüter və kadr problemi daha çox yaşanır. Bu problemin aradan qaldırılması üçün bölgələrdə olan informatika müəllimlərinə qısa müddətə təlimlər keçmək lazımdır”.
Təhsil eksperti Adil Vəliyev mövzunu şərh edərkən bildirdi ki, sözügedən dəyişiklik abiturientlərin şikayətləri ilə əlaqədardır: “I ixtisas qrupu üzrə imtahana hazırlaşan gənclər kimya fənnini sevməsə də, bu fənn üzrə də hazırlaşmağa məcbur idi. Bu isə onların haqlı narazılığına səbəb olurdu. Bu qərar kimya mühəndisliyi ixtisasını seçənlər üçün də əlverişli oldu. Belə ki, bu abiturientlərə seçim şansı yaradır. İstəsələr, hər ikisindən ya da altqrupu seçərək imtahanda iştirak edə bilərlər. Bu dəyişiklik bal artımında da özünü göstərə bilər. İnformatika fənni qəbul imtahanına ilk dəfə salındığına görə düşünürəm ki, çətinlik olmaz. Bu da balın ötən ilə nisbətən yüksək ola biləcəyi ehtimalını yaradır”.