Vardanyan gücsüzlüyünü etiraf etməyə başladı
Qanunsuz yolla xankəndinə daxil olan, özünü Qarabağ ermənilərinin “müdafiəçisi” kimi təqdim edən və separatçıların rəhbərliyini ələ keçirməyə çalışan Ruben Vardanyan Azərbaycan dövləti qarşısında gücsüzlüyünü etiraf etməyə başlayıb.
Cinayətkar Vardanyan erməni mediasına açıqlamasında Laçın dəhlizinin açılması ilə bağlı danışıqların demək olar aparılmadığını deyib.
Vardanyan bununla Bakının onunla danışıq aparmadığını və onu fiqur kimi qəbul etmədiyini etiraf etmiş olub.
Daha sonra Vardanyan bildirib ki, Azərbaycan tələblər irəli sürüb, onlar buna reaksiya verib və ətraf mühitin mühafizəsi sahəsində ən yaxşı dünya ekspertlərini qəbul etməyə hazır olduğumuzu bildiriblər: “Lakin Azərbaycan tərəfdən hələ ki, cavab yoxdur”.
Bununla Vardanyan etiraf edib ki, Bakı Xankəndidəki separatçıların davranışlarına diqqət etmədən öz maraqlarına uyğun addımlar atır. Şübhəsiz ki, bu addımların son nəticəsi Vardanyan və onun kimi dələduzların sonunu yaxınlaşdıracaq.
Vardanyan yeni bir etiraf edərək qeyd edib ki, Azərbaycan Laçın yoluna nəzarət etmək istəyir. Daha sonra acizanə formada bildirib ki, üçtərəfli sazişdə “ermənilərin heç kimdən icazə almadan keçə biləcəyi pulsuz yolu olmalıdır” məsələsi var. Amma burada Vardanyan nədənsə həmin sənəddə Zəngəzur dəhlizinin açılmalı olduğuna dair müddəanın olduğunu bilərəkdən “unudub” və onu xatırlamayıb.
Dələduz Vardanyan həmçinin Xankəndidə kimin pencəyi altında gizləndiyinə dair ipucu da verib: “Burada məhdud hüquqlara malik 2000-dən az rus sülhməramlısı var. Bu vəziyyətdə onlar əllərindən gələni edirlər. Tələblərimiz daha böyük ola bilər və bizim Rusiya tərəfinə tələblərimizi təqdim etmək hüququmuz var, amma digər tərəfdən reallığı anlaya bilərik. Rusiya sülhməramlılarının burada olmasını tənqid edənlər başa düşmürlər ki, onlar şüurlu və ya şüursuz Azərbaycana kömək edirlər”.
Beləcə Vardanyan nədənsə Qarabağın erməni əhalisindən deyil, rus sülhməramlılardan bəhs edib, onları açıq müdafiə edib və sülhməramlıları tənqid edən Qarabağ və Ermənistandakı insanlara qarşı çıxıb. Görünən budur ki, Vardanyan nəhayət reallığı anlayaraq sonunun gəldiyini hiss edir./teleqraf.com