Un ucuzlaşdı, bəs çörək? – “Bu, çörəyin qiymətinin də ucuzlaşmasını zəruri edir”

Xəbər verildiyi kimi, 2023-cü ilin ilk günlərində unun qiymətində ucuzlaşma baş verib. Yerli mətbuatda gedən xəbərlərə görə, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib. 

Həmçinin qeyd olunub ki, dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat və ya 8 faiz ucuzlaşıb.

Məlumat üçün qeyd edək ki, ötən il 50 kiloqramlıq “Karmen” ununun qiyməti 2021-ci illə müqayisədə 15 manat bahalaşıb. Sözügedən qiymət artımını oxuculara təqdim edirik:

2022-ci il 1 yanvar – 26 manat (50 kq-lıq “Karmen”)

2022-ci il 4 yanvar – 36 manat (50 kq-lıq “Karmen”)

2022-ci il 19 avqust – 41 manat (50 kq-lıq “Karmen”)

Beynəlxalq ekspertlər proqnozların əksinə, 2023-cü ilin ilk həftəsində taxıl məhsullarının qiymətində ciddi bahalaşmanın olmadığını bildirirlər. Belə ki, qlobal miqyasda arpanın qiyməti bir qədər artsa da, qarğıdalı ucuzlaşıb, buğdanın qiyməti isə dəyişməz olaraq qalıb. Taxılın qiymətinin gözləntilərə uyğun qalxmamasının səbəbi dünya bazarına ciddi məhsul axınının olmasıyla izah olunur. Əmtəə Birjalarının və TÜRİB-in məlumatlarına görə, buğdanın bir tonunun qiyməti hazırda 594 manata təklif olunur.

Bəs, bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcəkmi?

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, ötən il və ondan əvvəlki dövrdə baş verən hadisələr taxıl qiymətlərinə mənfi təsir göstərib:“Pandemiyadan sonrakı problemlər, xərclərin artması, işçilərin işə çıxarılması ilə əlaqədar problemlər, daşıma çətinlikləri və ən əsas da Rusiya-Ukrayna müharibəsi taxılın qiymətinin bahalaşmasına səbəb oldu. Xüsusən də, yanvar və fevral aylarında sürətli qiymət artımları baş verdi. Ancaq 2022-ci ilin iyul ayında Türkiyə, Ukrayna və BMT arasında imzalan taxıl sazişindən sonra qiymətlərdə ucuzlaşma yaşandı. Sonrakı aylarda qiymətlər 1-3 faiz aralığında aşağı endi”.

Ekspert qeyd edir ki, bir neçə aydır qiymət birjalarında baş verən ucuzlaşma daxili bazarda dərhal hiss olunmur:“Köhnə qiymətə alınan məhsul anbarlara boşaldılır və emal edilənə qədər müəyyən bir vaxt keçir. Yəni, ucuzlaşmanın baş verməsi üçün ilk növbədə baha qiymətə alınan bu məhsullar satılmalıdır. Ortalama 3 – 6 ay ərzində müxtəlif məhsulların dünya birjasında qiyməti daxili bazara təsir etməyə başlayır. Ona görə də ötən ilin ortalarından başlayan ucuzlaşma Azərbaycan bazarına indi təsir göstərməyə başlayıb. Hesab edirəm ki, taxıl qiymətlərinin aşağı düşməsi fonunda, tədricən daxili bazarda da ucuzlaşma baş verəcək”.

Ekspertin sözlərinə görə, taxıl çörək istehsalında əsas xərc maddələrindən biri olsa da, qiymətə təsir göstərən başqa nüanslar da var: “Taxıl çörək istehsalının xərcini tam qarşılamır. Çörək istehsalında avadanlıq, işçi, daşıma və digər xərclər də var. Həmçinin Azərbaycanda çörəyin qiymətini Tarif Şurası yox, bazar tənzimləyir. Ölkəmizdə əsas tənzimləyici funksiyanı iri un və çörək istehsalçıları icra edir. Onlar mütəmadi toplaşaraq, bazarda baş verənlərlə bağlı qərarlar qəbul edirlər. Düşünürəm ki, unun qiymətində ucuzlaşma davam edərsə, bu istehsalçılar bir araya gələrək, çörəyin qiymətini aşağı salacaqlar. Çünki unun ucuzlaşması, çörəyin qiymətinin də aşağı salınmasını zəruri edir”.

Xatırladaq ki, hazırda 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti – 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti isə 70 qəpik təşkil edir.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, artıq paytaxtdakı bir sıra pərakəndə satış məntəqələrində təndir çörəyinin qiyməti 10 qəpik civarında ucuzlaşıb. Alıcılar 700 qramlıq təndir çörəyinin 60 qəpikdən satıldığını bildirirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password