Rusiya ordusunun Makeevka dramı bu ölkənin siyasi fəciəsinə yol aça bilərmi?

 

Yeni il gecəsi Ukraynanın işğal altında olan Donetsk vilayətinin Makeyevka şəhərində Rusiya ordusunun ağır itkilər verməsini artıq RF MN-yi də təsdiq edib. Bir o fərqlə ki, Ukrayna ordusunun 400 nəfərədək hərbçinin öldürülməsi iddiasına qarşı Rusiya tərəfi ölənlərin sayının 89 nəfər olduğunu bildirir.

Hadisə belə olub: Rusiya ordusuna səfərbər olunanlardan 600-dək hərbçi Makeyevkadakı texniki-peşə məktəbinin binasına yerləşdiriliblər və yeni il gecəsi həmin bina Ukrayna ordusunun M142 HIMARS sistemlərindən atəşə tutulub. Bina yerlə yeksan olub və bu günədək dağıntılar altından ölənləri nəşi çıxarılmaqdadır.

Verilən məlumatlarda bu da göstərilir ki, binaya 4 reaktiv mərmi düşüb. Partlayışın belə dağıdıcı olmasının səbəbi isə təkcə həmin 4 mərmi deyil. Belə ki, Rusiya ordusunun komandanlığı binanın yaxınlığında döyüş texnikasını da yerləşdiribmiş və zərbə nəticəsində həmin texnikada olan mərmilər də detonasiya edib.

Amma məsələ bununla da bitmir. Məlum olub ki, hərbçilərin yerləşdirildiyi binada həmçinin hərbi sursat da yerləşdirilibmiş. Amma binanın hədəfə alınmasını asanlaşdıran səbəb kimi yeni il başlayanda hərbçilərin kütləvi şəkildə mobil telefonlarını açaraq ailələrilə danışması göstərilir. Bunu Rusiya MN-nin rəsmisi də təsdiq edib.
Başqa bir detal kimi də hərbçilərin cəbhə xəttinə yaxın təhlükəli ərazidə yerləşdirilməsi qeyd olunur. Belə ki, Rusiya ordusunun komandanlığı hərbçilərin yerləşdirildiyi binanın Ukrayna ordusunun arsenalında olan HIMARS sistemlərinin vurmaq imkanı çatan məsafədə olduğunu biliblər. Ən azı bunu bilməli idilər.

Bütün bunlar Rusiya ordusunun komandanlığının yol verdiyi səhvlərin (müharibə dövründə bunlar cinayət sayılır) hələ hamısı deyil. Ukrayna şəhərlərinin Rusiya ordusu tərəfindən intensiv raket atəşinə tutduğu bir dövrdə Makeyevka dramı təkcə ukraynalıların qisas əməliyyatı və canlı qüvvə itkiləri baxımından RF üçün faciə deyil.

Əsl faciə hadisənin indi baş verməsidir. Belə ki, bir qədər əvvəl Rusiyada ordunun şəxsi heyətinin sayının 350 min nəfərədək artırılması elan olunmuşdu. Bunu da yalnız yeni səfərbərlik yolu ilə həyata keçirmək olar. Müxtəlif mənbələr həmin səfərbərliyin (2-ci dalğanın) yanvarın ilk günlərində başlayacağını bildirirdilər.

Makeyevka faciəsi bu mənada Rusiya əhalisi üçün ağır psixoloji zərbə ola bilər. Səfərbərliyin ilk mərhələsində ölkədən yüz minlərlə gəncin qaçdığını nəzərə alsaq bu dəfə yayınanların sayının dəfələrlə çox olacağını təsəvvür etmək çətin deyil. Hərçənd ki, Rusiyadan daxil olan məlumatlarda sərhədlərin bağlanacağı bildirilir.

Amma bir sıra məlumatlarda çağırış yaşında olanların hətta yaşadıqları şəhərləri və regionları tərk etməsinə də məhdudiyyətlər tətbiq olunacağı bildirilir. Bunun fiziki olaraq necə ediləcəyi məlum olmasa da, səfərbərliklə bağlı başqa bir ehtimal yetərincə real görünür. O, Rusiyadakı daxili vəziyyəti gərginləşdirəcək.
İlk səfərbərlik artıq göstərdi ki, ruslar onsuz da təqdim olunduğu qədər “Vətən uğrunda” ölməyə hazır deyillər.

Ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması isə onların “vətənpərvərliyinin” hərarətini bir qədər də aşağı salacaq. Bu da öz növbəsində ictimai-siyasi gərginliyin artmasına təsir edə bilər.

Bu sahədə isə vəziyyət onsuz da ürəkaçan deyil. Hələlik savaş kabinetlər daxilində getsə də, zaman-zaman onun əlamətləri üzə çıxmağa başlayır. Məsələn, Putinin (Kremlin) yaratdığı qoçu (və ya cəza) dəstələrindən birinin başçısı, “Putinin aşpası” kimi tanınan Yevgeniy Priqojin bu günlərdə birbaşa Baş Qərargah rəisi Valeriy Gerasimovu hədəfə aldı.

Hər kəsə bəllidir ki, Putinin şəxsi tapşırığı olmadan bunu heç kəs, hətta “Vaqner” özəl hərbi kompaniyasının sahibi də edə bilməz. Bu isə o deməkdir ki, Moskva kabinetlərindən başlayan və asta-asta media məkanına keçən hakimiyyətdaxili savaş növbəti mərhələdə Moskvanın və digər böyük şəhərlərin küçələrinə də yol aça bilər.

Amma tərəflərin sivil siyasi mübarizə resurslarından dəfələrlə çox hərbi gücə malik olduğunu və güvəndiyini nəzərə aldıqda mübarizənin Kalaşnikov avtomatından tutmuş təyyarələrin və tankların da cəlb olunması ilə yekunlaşacağı istisna olunmur. Belə təcrübə də Rusiyanın yaxın tarixində artıq iki dəfə olub.

Obrazlı ifadə etdikdə, indi əsas sual da budur ki, Ukrayna ordusunun Makeyevkada atdığı HİMARS-lar növbəti mərhələdə Moskvanın, Sankt-Peterburqun, Samaranın və digər Rusiya şəhərlərinin küçələrində partlayacaqmı?

Ərəstun Oruclu, politoloq

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password