Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır

 

Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 28 aprel 2022-ci il tarixdə Qara lkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır.

Sortun ampelodeskriptor əlamətləri tədqiqatlar və araşdırmalar nəticəsində öyrənilmiş morofoloji, aqrobioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri əsasında beynəlxalq miqyasda qəbul edilmiş metodika və protokollar üzrə aparılaraq təsvir olunub. Sort Qara dəniz hövzəsi sortları (convar pontica Negr.) qrupuna mənsubdur. Yarpaqları iri, nisbətən uzunsov, 5 dilimli olub, tünd-yaşıl rəngdədir. Ayasının səthi torvari qırışıqlı olub, qıfşəkilli-novlu, novşəkilli, yaxud qıfşəkilli formadadır. Ayanın yuxarı kəsikləri dərin və ya orta dərinlikdə olub, açıq iti dibli liraşəkilli, bağlı yumurtavari, yaxud dar ellipsvari və ya dəyirmi dibli, enli ellipsvari formadadır. Aşağı kəsikləri orta dərinlikdə olub, açıq, girintili bucaqşəkilli yaxud bağlı, iti dibli bəzən də dəyirmi dibli enli-ellipsvaridir.

Qara lkeninin tənəklərinə Gəncə, Göy-göl rayon­larında, Qara­bağ ərazisində (xüsusən Füzuli rayonunda) köh­nə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərab­çılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutu­nun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, key­fiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara lkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunun Abşeron kolleksiya bağında əkilib becərilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password