Azərbaycan “mavi iqtisadiyyat”ın inkişafı üçün böyük potensiala malikdir – Dünya Bankı

 

Dünya Bankı (DB) dayanıqlı dəniz mühitinin inkişafı üzrə prioritet məsələlərin həllində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Bunu eksklüziv müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun davamlı inkişafı departamentinin ətraf mühit, təbii ehtiyatlar və “mavi iqtisadiyyat” məsələləri üzrə meneceri Kseniya Lvovskaya deyib.

Onun sözlərinə görə, Azərbaycanın dəniz mühitinin istismarı, mühafizəsi və bərpasını özündə birləşdirən “mavi iqtisadiyyat”ı təkmilləşdirmək üçün böyük potensialı var.

“Bu terminlə biz sahilyanı və dəniz məkanında dayanıqlı, inklüziv iqtisadiyyatı nəzərdə tuturuq və burada Azərbaycan bütün mənbələri əldə etmək şansına malikdir. Artıq güclü iqtisadi fəaliyyətin mövcud olduğu sahil və dəniz məkanının böyük bir hissəsinə sahib olan Azərbaycan bu sahədə öz imkanlarını artıra bilər”, – deyə Lvovskaya bildirib.

Ekspertin qeyd etdiyi kimi, “mavi iqtisadiyyat” daha davamlı şəkildə inkişaf etdirilməsə, onun potensialı məhdudlaşa bilər.

“Məsələn, buna dənizin istər neft sızıntıları, istər kanalizasiya suları, istərsə də, qlobal əhəmiyyətli problemlərdən biri – plastik tullantılarla çirklənməsi aiddir. Bu problemlər həll olunmasa, turizmi inkişaf etdirmək və ya özəl investorları ölkə iqtisadiyyatının digər sektorlarına, o cümlədən, potensial yeni sektorlara, balıqçılıq, dənizçilik mədəniyyəti və sairəyə cəlb etmək çətin olacaq”, – Lvovskaya bildirib.

Bununla bağlı Dünya Bankının Azərbaycan üçün tövsiyələrinə sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və istifadəsiz quyuların aradan qaldırılması üçün infrastruktura dövlət investisiyalarının təmin edilməsi daxildir. Bura, həmçinin, sahil boyu yaşıl və davamlı sənayelərə özəl sektor investisiyalarını dəstəkləmək üçün innovativ maliyyə mexanizmləri üzərində etibarlı tədbirlərin görülməsi də daxildir.

“Dünya Bankı və Azərbaycan artıq müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın uğurlu mərhələsindədir. Bərpa olunan enerji Azərbaycanda və bütün dünyada ekoloji-iqtisadi artım üçün çox vacibdir. Dünya Bankı Qrupu Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə bu cür layihələri dəstəkləyir. “mavi iqtisadiyyat”ın inkişafının gözəl nümunəsi olan Dənizdə Külək Enerjisi üzrə Yol Xəritəsi təşəbbüsü buna misaldır”, – deyə o qeyd edib.

Azərbaycanda təmiz hidrogen istehsalının inkişafından danışan Lvovskaya qeyd edib ki, Dünya Bankı bu sahədə də ölkəyə dəstək verməyə hazırdır.

“Həqiqətən də ilkin qiymətləndirməmiz göstərir ki, iqtisadiyyatı mədən yanacaqlarına əsaslanan ölkə kimi Azərbaycan “təmiz”, yəni “mavi”, “yaşıl” və “firuzəyi” hidrogen istehsal etmək potensialına malikdir. Bu, hidrogenlə zəngin bir çox ölkənin ehtiyac duyduğu alternativ təmiz enerji resursunun bir növüdür”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, hazırda Dünya Bankı Azərbaycan üçün “İqlim və Ölkənin İnkişafı Hesabatı”nı hazırlayır. Bu hesabatda ölkədə hidrogen hasilatı potensialının daha ətraflı və dərindən qiymətləndirilməsi, hökumətə konkret tövsiyələr verilməsi, eləcə də Dünya Bankının bu sahədə dəstək potensialı öz əksini tapır.

“Biz Azərbaycan hökuməti ilə birlikdə beşillik proqramımızı nəzərdən keçiririk və indi növbəti beş il üçün maliyyələşdirmə prosesi də daxil olmaqla əməkdaşlıq yollarımızı müəyyən etmək üçün Ölkə Tərəfdaşlıq Çərçivəsini hazırlamağa başlayırıq. Biz hökumətin prioritetlərini eşitməyi səbirsizliklə gözləyirik və inanırıq ki, bərpa olunan enerji mənbələri bu prioritetlərə daxil ediləcək”, – deyə Lvovskaya əlavə edib.

Sonda ekspert bu yaxınlarda hazırlanmış “Azərbaycan: Yaşıl İnkişafa Doğru” hesabatından danışıb və qeyd edib ki, hesabatın əsas mesajı “yaşıl” iqtisadiyyata özəl investisiyaların dəstəklənməsidir.

Ekspertin fikrincə, buna bu sahədə güclü siyasət, tənzimləmə, innovativ maliyyələşdirmə mexanizmləri və dövlət-özəl tərəfdaşlığının kombinasiyası ilə nail olmaq olar.

O bildirib ki, bərpa olunan təbii ehtiyatlardan istifadə edən kənd təsərrüfatı, su idarəçiliyi, meşəçilik, balıqçılıq və dənizçilik mədəniyyəti kimi sektorlarda bazara əsaslanan yanaşmanın dəstəklənməsi yaşıl iqtisadi artıma nail olmaq üçün böyük əhəmiyyət kəsb edəcək və eyni zamanda, bu sektorlar iş yerlərinin artımı üçün yüksək potensiala malikdir.

“Yaşıl transformasiya uzun bir yoldur. Bunun üçün xüsusi strategiyalarla dəstəklənən uzunmüddətli baxış tələb olunur və siyasi islahatlar baxımından onların ləngimədən həyata keçirilməsinə başlamaq vacibdir. Bu strategiyalar qısamüddətli, orta və uzunmüddətli dövrləri özündə birləşdirir. Azərbaycan bu islahatların uğurla həyata keçirilməsi üçün yüksək insan, texniki və investisiya potensialına malikdir”, – deyə ekspert sözlərini yekunlaşdırıb./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password