“Rusiya Laçın dəhlizində aksiyanın davamında maraqlıdır”

 

Dekabrın 23-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada Azərbaycandan həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib ki, Bakı və Yerevan Rusiya sülhməramlılarından imtina etmək istəyirlərsə, bu, müzakirə edilə bilər: “…Danışıqlar masasına oturub başqa variantlar barədə düşünmək olar. Biz, əlbəttə, hazırda ən çox maraq doğuran məsələyə – Laçın dəhlizindəki vəziyyət məsələsinə də baxmışıq”.

Bu bəyanat Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirəndən sonra səslənib. Noyabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubel (Dirk Schuebel) ilə görüşündə demişdi ki, ölkəsi Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma “Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyanla yox”.

Digər tərəfdən, son həftələr Azərbaycan vətəndaşları hazırda Rusiya sülhməramlılarının dislokasiya olunduğu ərazilərdə faydalı qazıntı yataqların qanunsuz istismar olunduğunu bildirərək Laçın-Xankəndi yolunda aksiya keçirirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a xatırladıb ki, Rusiya sülhməramlılarının Qarabağa gəlişi 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə müəyyən edilib: “Bəyanatın 3 və 4-cü bəndi bunu özündə ehtiva edir. Amma 4-cü bəndində Rusiya sülhməramlılarının gəlişi ilə paralel Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması da öz əksini tapıb. İki ildən artıq vaxt keçib, amma bu, icra olunmur. Bu baxımından da bu məsələ çoxsaylı suallar yaradır”.

Ermənistan rəsmiləri isə deyir ki, artıq onlar Qarabağda hərbi qüvvə yerləşdirmirlər, etnik erməni “müdafiə ordusu” isə onların silahlı qüvvələrinə daxil deyil.

Deputat Nəsirovun əlavə etməsinə görə, ilk dəfədir Rusiya sülhməramlılarının çıxarılmasının mümkünlüyü ilə bağlı bu ölkənin xarici işlər naziri mövqe bildirir: “Bəyanatda sülhməramlıların Qarabağda qalma müddəti 5 il göstərilib. Yəni, 2025-ci ilə qədər onların mandatı mövcuddur. Sənəddə o da var ki, tərəflərdən biri imtina etməyəcəyi təqdirdə bu, 5 il uzadıla bilər. Amma Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bizim üçün Rusiya sülhməramlı qüvvələrinin qalma müddəti maksimum 2025-ci ilə qədər ola bilər”.

Onun fikrincə, Lavrovun sülhməramlılarla bağlı son açıqlaması Ermənistanda son zamanlar anti-Rusiya ritorikasının güclənməsi ilə əlaqədar ola bilər: “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması, Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvi, regiona beynəlxalq sülhməramlılarının dəvət edilməsi kimi tələblər təkcə periferiya səviyyəsində deyil, dövləti idarə edən şəxslərin dili ilə səslənməyə başlayıb. Bunu da, yəqin ki, Moskvada çox gözəl bilir və qiymətləndirirlər. Lavrovun həmin o sözləri məhz Ermənistana bir siqnaldır ki, sizi bu halda nə gözləyir. Yəni, müəyyən mənada burada təzyiq elementlər də var”.

Nəsirov Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsinin müzakirə edəcəyinə inanmır: “İnanmıram ki, sülhməramlıların çıxarılması indi baş versin. 2025-ci ilə qədər onların qalma ehtimalı kifayət qədər böyükdür”.

Siyasi şərhçi Şahin Cəfərli isə bu məsələ ilə bağlı AzadlıqRadiosuna açıqlamasında bir məqamın üzərində dayanıb: “Burada bir absurd məqam var. Əslində bu məsələyə Ermənistanın aidiyyəti olmamalıdır, çünki söhbət yalnız Azərbaycan ərazisində aparılan sülhməramlı əməliyyatdan gedir”.

Ekspertin sözlərinə görə, Rusiyanın niyyəti bu missiyanın müddətinin ən azı daha 5 il uzadılmasından ibarətdir. Onun fikrincə, Lavrovun sözlərində açıq təhdid yoxdur: “Rusiya Azərbaycanla münasibətlərini mümkün qədər isti saxlamağa çalışır. Amma paralel olaraq da Azərbaycana qarşı müəyyən təzyiq mexanizmləri yaradır. Onlardan biri də Qarabağda ermənilərin keçirdiyi aksiyalar və Ruben Vardanyanı bura göndərməsidir. Bununla Moskva Bakıya bir mesaj göndərir ki, sən mənim maraqlarıma qarşı çıxsan, sülhməramlıların çıxarılmasını tələb etsən, mənim əlimdə sənə qarşı istifadə edəcəyim kozır kartlarım var”.

Cəfərli hesab edir ki, Ermənistanla Azərbaycan arasında problemlərin ən ideal çözümü iki tərəfinin vasitəçisiz anlaşmasıdır: “Ona görə də Rusiya çalışır ki, gərginliklər davam etsin. Rusiya əslində bizim Laçın dəhlizində keçirdiyimiz aksiyanın davam etməsində maraqlıdır. Bəli, Laçın dəhlizi üzərində Azərbaycan dövlətinin nəzarətinin təmin olunması doğru məqsəddir. Amma bizim niyyətimiz nə qədər xoş və doğru olsa belə, “Azərbaycan Laçın dəhlizini kəsir və Qarabağdakı erməniləri blokadaya alır” kimi rəyin formalaşması Rusiyaya lazımdır ki, burada konfliktin davam etdiyini dünyaya göstərsin. Bununla da burada öz hərbi mövcudluğunu möhkəmləndirsin”.

Amma belə yanaşmaları Rusiya rəsmiləri qəbul etmirlər. Lavrov elə həmin mətbuat konfransında demişdi ki, Rusiya Azərbaycan və Ermənistan arasında möhkəm və ədalətli sülhdə ən maraqlı olan ölkədir.

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər. Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir. Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

Qarabağ separatçılarının “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun”a söyləyib ki, “bu, ekoloji yox, siyasi məsələdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password