“İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək”
“İllər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız bu gün necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin öz doğum gününü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsinin ənənə halına çevrildiyini deyən deputat bildirib ki, əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunan tədbirlərdə keçirilirdisə, tarixi zəfərimizdən sonra bu hal artıq aradan qaldırılıb:
“İllərdir həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevirib. Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Dekabrın 24-də müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycan İcması üzvlərinin bir qrupu ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə ata-baba torpaqlarımıza qayıtmağımızı hər şeydən öncə tarixi yaddaşımızla əlaqələndirdi. Doğrudan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı”.
Deputat əlavə edib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün Zəngilana, Ağalı kəndinə bu torpaqlarımızı hələ də görməyən yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır:
“Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da əzəli torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmaq üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq”.
“Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi. Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”, – deyə H.Babaoğlu vurğulayıb.