İlham Əliyevə təbriklər gəlməkdə davam edir

 

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən:

“Hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi – Azərbaycanımızın möhtəşəm Qələbəsinin müəllifini, Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisini doğum günü münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək üçün yürütdüyünüz humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın müstəqilliyinin möhkəmlənməsi, Prezident-Xalq-Ordu həmrəyliyi ilə qazanılan tarixi Zəfər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.

Azərbaycanda həyata keçirilən islahatları, ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi istiqamətində gördüyünüz işləri, eləcə də diaspor fəaliyyətinin gücləndirilməsinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

***

Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri, Rusiya Federasiyasının fəxri vəkili İlqar Hacıyevdən:

“Hörmətli cənab Prezident.

Rusiya Federasiyasında yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi həyatda inamla irəliləyərək sanballı uğurlar qazanır. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirir, ölkənin və xalqın rifahı naminə çox böyük işlər görürsünüz. Bütün bu işlərin sayəsində Azərbaycan dünya arenasında böyük nüfuz qazanıb.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın uğurla həyata keçməsini diləyirəm”.

***

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyəti və üzvlərindən:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.

Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində Qarabağın işğaldan azad olunması ilə nəticələnən Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz, qətiyyətli qərarlarınız, xalqımıza inamınız sayəsində əldə edildi. Müharibədən sonra Sizin səyləriniz nəticəsində Qarabağda aparılan sürətli yenidənqurma işlərinin nəticələri təqdirəlayiqdir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Sizin xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinə verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik. Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Sizin tövsiyələriniz bizim fəaliyyətimiz üçün çox önəmli və dəyərlidir.

Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Doğum gününüz və qarşıdan gələn Yeni iliniz mübarək olsun!”.

***

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən:

“Hörmətli cənab Prezidentimiz.

Mərmərə Qrupu Vəqfi adından Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Sizə cansağlığı və əmin-amanlıq arzulayır, 2023-cü ilin ölkələrimizə və bütün bəşəriyyətə sülh gətirəcəyini ümid edirik.

Doğum gününüz mübarək!”.

***

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizin müasir dövrün nüfuzlu dövlət və siyasi xadimi kimi böyük istedadınızı parlaq şəkildə üzə çıxarıb. Siz ölkənizin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi, sosial və siyasi inkişaf strategiyasını ardıcıl surətdə həyata keçirirsiniz.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən mürəkkəb vəziyyətlərdə siyasi kompromis tapmaq bacarığı, vətəndaşların mənafeyi naminə sosial siyasətin ardıcıl surətdə həyata keçirilməsi Sizə dərin hörmət, etimad və nüfuz qazandırıb.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni uğurlar, firavanlıq, əmin-amanlıq, xoş günlər, səadət və tərəqqi arzu edirəm”.

***

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, akademik Yefim Pivovardan:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz haqlı olaraq dünyada bütün qüvvənizi Azərbaycan xalqının rifahı naminə fəaliyyətə sərf edən müdrik siyasi xadim və təcrübəli dövlət xadimi kimi şöhrət və nüfuz qazanmısınız.

Biz Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, Azərbaycanda və Rusiyada yaşayan həmvətənlərin dəstəklənməsinə Sizin töhfənizi çox yüksək qiymətləndiririk.

Bu əlamətdar gün münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

***

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdan:

Zati-aliləri.

Moldova Azərbaycanlıları Konqresinin Şurası Moldova Respublikasındakı Azərbaycan icması adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir.

Uzaqgörən və cəsarətli lider kimi Sizə heyranıq. Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımız ilbəil daha da güclənir, tərəqqi və firavanlıq yolunda irəliləməkdə davam edir.

Sizin Azərbaycan xalqının rifahı naminə qətiyyətli və uğurlu addımlarınızı qürur hissi ilə izləyirik. Sizi əmin edirik ki, Vətənimizin mənafelərini qorumaqda davam edəcək, zəngin ənənələrimizi yaşadacaq və azərbaycanlıların böyüməkdə olan yeni nəslini bu ənənələr ruhunda tərbiyə edəcəyik.

Cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın daha sürətli inkişafı naminə bütün planlarınızın həyata keçməsi üçün tükənməz enerji arzulayırıq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password