Azərbaycanın türk dövlətlərlə ticarət dövriyyəsi rekord səviyyədə artıb – Deputat
“Bu ilin ilk 10 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb. Ötən ilin eyni dövründə 5 türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda, bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb. Bu müstəqillik illərinin ən böyük artımıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələr xüsusi paya malik olsa da, digər qardaş dövlətlərlə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib: “Qazaxıstanla dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızıstanla 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət, Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb.
Ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. Tanrı türk dövlətlərini qorusun!”