Kremldə Qarabağla bağlı fikirlər haçalandı – Azərbaycana qarşı TƏXRİBAT
Ermənistan imtina etsə də gözlənilən görüş baş tutdu. Söhbət bu gün Moskvada planlaşdırılan Rusiya XİN rəhbəri ilə Ceyhun Bayramovun görüşündən gedir. Ararat Mrizoyanın orada iştirak edib-etməməsi Bakıdan çox Moskvaya aid məsələ idi. Amma Ermənistan növbəti dəfə Qərbin tapşırığı əsasında Rusiyanın vasitəçilik cəhdlərini boykot etdi.
Ermənistan hakimiyyəti də bunu utanmaz-utanmaz Laçın dəhlizində yaranmış vəziyyətlə əlaqədar Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada planlaşdırılan görüşündən imtina kimi təqdim etdi. Güya son 2 ildə Qarabağın yerli erməni əhalisi çox firavan, xoşbəxt həyat yaşayırdı, azərbaycanlı fəalların Laçın yolundakı aksiyası onların bütün gələcəklə bağlı ümidlərinin, sülh şəraitində birgə yaşayış barədə gözləntilərinin, ümidlərinin üstündən xətt çəkdi.
Başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etmək mövqeyi tutublar. Bunların məntiqinə görə Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır, azərbaycanlı əliyalın aksiya iştirakçılarına qarşı növbəti soyqrım törətməlidir. Təbii ki, bütün bu çıxışlar İrəvanın öz başının altından çıxmadı.
Ermənistanın mövqeyindən belə anlaşılır ki, onlar bütün dünyaya Azərbaycanın Qarabağda ermənilərə qarşı humanitar böhran vəziyyəti yaradıb və bölgədəki ermənilərin həyatları böyük təhlükə altındadır. İş orasındadır ki, Ermənistan tərəfi bu cür məkirli planla bütün dünyaya, car çəkərək inandırmağa çalışır ki, Azərbaycanın məqsədi bölgədəki erməniləri məhv etməkdir. Axı niyə?!
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etirazlar fonunda qlobal erməni media və QHT şəbəkəsi ABŞ-da, Avropada, hətta Cənubi Amerikada belə Azərbaycan əleyhinə dezinformasiya və prosesin təhrif edilməsi ilə kampaniyalarını sürətli şəkildə davam etdirməkdə məqsədli görünürlər.
Təəssüf ki, bütün bu erməni şəbəkəsinin fəaliyyəti fonunda beynəlxalq təşkilatlardakı Azərbaycan əleyhinə aparılan ciddi işlərin fonunda bir çox dövlətlərin hökümətlərindəki hind, erməni, soros şəbəkəsinin təsiri ilə nəzərəçarpacaq dərəcədə dəyişən mövqelərinə də şahid oluruq.
Amma bu anti-Azərbaycan təbliğatı, dezinformasiyalarla zəngin qarayaxma kompaniyası rəsmi Bakını məqsəd-məramından bir addım da olsun geri addım atmasına səbəb olmayacaq. Bakı yaxşı bilir ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı Azərbaycana məxsus qızıl yataqlarının yağmalanmasında separatçılarla yanaşı rus hərbi kontingentinin də xidmətləri var idi. Bu nöqteyi nəzərdən Azərbaycan üçün Ermənistan iştirak etməsə belə XİN başçılarının görüşü olduqca əhəmiyyətli idi. Çünki Bakının son bir ay ərzində Moskvaya deyəcək sözləri və qarşı tərəfdən eşitmək istədiyi cavablar var idi.
XİN başçılarının görüşündən sonra danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında günlər öncə rəsmi İrəvanın Azərbaycana təqdim etdiyini bildirdiyi “sülh paketi” ilə bağlı məsələyə Ceyhun Bayramov aydınlıq gətirib. Məlum olub ki, Ermənistanın sülh müqaviləsi paketində yeni heç nə yoxdur. Bayramov onu da vurğulayıb ki, vərdişlər dəyişməyib və Ermənistan yenə də danışıqlar prosesinin imitasiyası ilə məşğuldur.
Belə nəticə çıxır ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək fikrində deyil və məğlub ölkə olsa belə Bakı qarşısında yenidən öz revanşist tələblərini qaldıraraq bununla da regionda davamlı sülhə zərbə olacaq eskalasiya riskini artırmaq barədə düşünür.
Bir müddət əvvəl sülh müqaviləsi ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim etdiyini və belə “məzmunlu saziş” imzalamağa hazır olduğunu bildirən Nikol Paşinyan yəqin yaxşı bilirdi ki, Azərbaycan qalib tərəfdir və Ermənistanın “status” və ərazilərin delimitasiyası ilə bağlı digər istəklərini hesaba qatacaq tərəf deyil.
Amma bu gün Moskva da irəvanın son addımlarından olduqca narahatdır. Bunu Sergey Lavrovun bu açıqlamasından da aydın sezmək mümkündür: “İrəvan Moskvadakı görüşdən imtina etmək üçün diplomatik kanallardan istifadə etməyib”. Rusiya XİN rəhbərinin sözlərinə görə, erməni tərəfinin istifadə etdiyi məlumatlandırma üsulu “suallar yaradır”. Lavrov bu açıqlama ilə üstüörtülü şəkildə bildirmək istəyir ki, Ermənistan Rusiyaya qarşı açıq hörmətsizlik etdi. İki bir-birinə hörmət edən dövlət ən azı görüşdən imtina etmək şəklinə bir çəki-düzən verməlidir. Yəni anlaşılır ki, Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 23-də üş XİN başçısı arasında keçiriləcəyi nəzərdə tutulan görüşdə iştirakdan imtina barədə rusiyalı həmkarlarına heç bir rəsmi məlumat verməyib, rəsmi Moskva da bunu elə mətbuatdan öyrənib.
Lakin Sergey Lavrov açıqlamaları zamanı Ermənistanla münasibətlərin diplomatik müstəvidə qorunub saxlanması məqsədilə Azərbaycanın maraqlarına zidd olacaq fikirlərə də yer verib. Belə ki, Ruisya XİN başçısı “Mədənlərdə monitorinqlə bağlı razılaşmanı nə sülhməramlılar, nə də Azərbaycan tərəfi deyil, “Qarabağın rəhbərliyi” pozub” açıqlaması ilə sanki Ermənistana bildirmək istəyib ki, biz sizin mövqenizi hələ də dəstəkləyirik və sülh prosesinin tənzimlənməsi üçün Rusiyanın siyasətində hər hansı bir dəyişiklik yoxdur. Yəni, sən Qərbə reinteqrasiya məsələsindən əl çək, biz bu məsələdə sizə dəstəyimizi lazımı məqamda, lazımı şəkildə göstərəcəyik.
Cənab Lavrov, siz hansı “Qarabağın rəhbərliyi”ndən söhbət edirsiniz? Məgər Azərbaycan ərazisində başqa bir erməni dövləti var ki, onun rəhbərliyi də ola? Qarabağ Azərbaycandır! Bu məsələyə Azərbaycan 44 günlük müharibə ilə nöqtə qoyub və bu gün postkonflikt dövründə bütün dünya rəsmi Bakının diqtə etdiyi bu reallığı qəbul etməkdədir.
Amma belə görünür ki, Rusiya hələ də bu məsələylə bağlı konkret fikrə gələ bilmir. Çünki Vladimir Putin Qarabağı Azərbaycan ərazisi kimi təqdim edirsə, S.Lavrov isə bu gün belə bir açıqlama verirsə, demək ki, Kreml daxilində də fikir ayrılıqları mövcuddur. Amma Lavrovun Erməni ictimaiyyətində və iqtidarında divident qazanmaq cəhdləri Azərbaycan qarşısında özünü gözdən salımaqdan başqa heç bir işə yaramayacaq.
Bayramovun Moskvada etdiyi açıqlamalar zamanı “Vardanyan Qarabağı nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşıdır” mesenci çox güman ki, qarşı tərəfin hərəkətlərində düzgün şəkildə əks olunacaq. Çünki Vardanyanın fəaliyyəti cinayət və avantüra xarakteri daşımaqdan başqa bir şey deyil. Bunun qarşısını almaq üçünsə Azərbaycan həmin ərazilərin əbədi və əzəli sahibi kimi bütün imkanlarından yararlanmaq iqtidarındadır.
Necə ki, Laçın yoluna nəzarət məsələsi də ağlasığmaz gəlirdi, lakin görürük ki, müəyyən mənada buna çıxış yolu tapıldı. Vardanyan məsələsində də çıxış yolları var, onun artıq Rusiya vətəndaşı olmamasına mümkün addımlarda Moskva ilə rəsmi şəkildə üz-üzə gəlməyəcəyik kontekstində də baxa bilərik.
Bir növ Vardanyanın Rusiya vətəndaşlığından imtina ərizəsinə Putinin müsbət reaksiyası Azərbaycana imkan verir ki, separatçı rejimin quldur dəstə başçısı olmaqda mahir görünən erməni əsilli milyarderi öz qanunvericiliyi, cinayət məcəlləsi əsasında cəzalandırsın.
O ki, qaldı Laçın yolunda kimin hara yerləşdirilməsi, kimin necə hərəkət etməsi ilə bağlı qərarı Ermənistan verə bilməz. İrəvanın bu təşəbbüsləri adı olub özünü 30 ildən çoxdur iynə ilə axtardığımız beynəlxalq hüquqa tamamilə ziddir. Bunu Azərbaycandan tələb edən Ermənistanın dəstəkçisi rolunda çıxış edən dövlətlər, təşkilat nümayəndələri, qüvvələr özləri birbaşa bu hüququ pozurlar, beynəlxaq hüququn pozulması ilə bağlı faktiki olaraq çağırışlar etmiş olurlar.
Lakin Ermənistanın yaratdığı bu koalisyanın məkirli planlarını, çirkin cəhdlərini pozmaq üçün ortada bir fakt var – 10 noyabrda imzalanan üçtərəfli bəyanat. Əgər tərəflər öhdəliklərlə bağlı çəkdikləri qola qol qoymazlarsa, Azərbaycan da qərarlarında dəyişiklik etmək məcburiyyətində qalacaq. Çünki Ermənistanın bu günə kimi sülh danışıqları istiqamətində sərgilədiyi mövqe və ortaya qoyduğu yanaşma tərəflərin yaxın zamanda razılığa gələbilməyəcəyindən xəbər verir.
Lakin bu o demək deyil ki, Ermənistan istədiyi şəkildə, istədiyi zamana kimi destruktivlik nümayiş etdirə biləcək. İstənilən halda rəsmi İrəvan Bakının təklif etdiyi sülh müqaviləsinə imza atacaq. Çünki istər beynəlxalq hüquq, istərsə də beynəlxalq ədalət Azərbaycana bunu ya diplomatik, ya da hərbi yolla icra etmək üçün bütün imkanları verir. Ərazisinin bir sahibi var, o da bəllidir, çadırını artıq qurub./milli.az