2022-ci ilin iqtisadi yekunları: 2023-cü ili necə qarşılayırıq?
Pərviz Heydərov yazır…
2022-ci ilin artıq son günlərinin yaşayırıq. Bu il ərzində baş verən iqtisadi hadisələri nəzərdən keçirəndə bahalaşma ilə inflyasiya amilindən başqa hər şeyin uğurla davam etdiyini görərik.
Bundan əvvəlki, yəni 2021-ci il də Azərbaycan iqtisadiyyatı üçün müsbət il olaraq yadda qalmışdı və 2020-ci ildə pandemiya nəticəsində əldə olunan 4,3 %-lik tənəzzül aradan qaldırılmaqla ölkəmiz iqtisadi cəhətdən bərpa olundu. Başqa sözlə, 2021-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 92,9 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdi.
Bu da, cari ilə çox böyük ümidlərlə başlamağa əsas verirdi. Təsadüfi deyildi, ilin əvvəlində iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazmışdı ki, Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çataraq 2019-cu illə müqayisədə 11 milyard manatdan çox təşkil edir. Ona görə də 2022-ci ilin 2019-cu ilin davamı olacağı bildirilirdi.
Hökumətin 2019-cu ildən sonra növbəti dəfə məhz bu ilin əvvəlindən, yəni 2022-ci ildən sosial artımlara getməsi buna bir işarə oldu. İki il fasilədən sonra… Dövlət başçısı İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən cari ilin əvvəlindən maaş və pensiyalar artırıldı. Nəticədə 2,1 milyondan çox vətəndaşın gəlirləri artırılmaqla, buna il ərzində əlavə olaraq 1,5 milyard manat vəsait xərcləmək nəzərdə tutuldu. Beləliklə də, cari ildən ölkədə minimum əməkhaqqı 300 manat təşkil etməklə maaşlar artdı, pensiyaların minimum məbləği isə 240 manata çatdırılmaqla məbləğləri indeksasiya ilə birgə bir az da yüksəldildi.
Sosial istiqamətdə artımlar öz yerində, bəs bu il ərzində başqa hansı mühüm iqtisadi hadisələr baş verdi?
Bu il əsas etibarilə ölkədə elektroenergetika sahəsində inqilabi addımlar atıldı. İl elə əvvəlcədən məhz bununla yadda qalacağını diktə etdi. Belə ki, ilin əvvəlində dövlət başçısının iştirakı ilə ölkədə bir neçə yeni elektrik stansiyaları açılmaqla yanaşı, iki Ərəb ölkəsi ilə müvafiq müqavilələr də imzalandı.
Söhbət, alternativ – bərpa olunan enerjidən (BOE) gedir.
Bəli, Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır və bu, əsas etibarilə neftlə qaza görədir. Ancaq sıraya elektrik enerjisi də daxil olub ki, bu sahədə də ixrac imkanlarımızın ortaya çıxması daha geniş çeşiddə enerji ölkəsi kimi tanınmağımıza yol açır.
Bu, çox böyük nailiyyətdir və Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzunun artması deməkdir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətiylə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına dair bu ilin yanvarın 13-də imzalanan sənəd bu baxımdan çox əhəmiyyətlidir. Çünki bu sənəd çox böyük gələcək vəd edir. Həm ölkəmizin enerji təhlükəsizliyi, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından.
Bundan cəmi iki ay sonra, yəni 2022-ci ilin martın 15-də isə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətiylə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş də imzalandı. Və bu sazişlə ölkəmizdə BOE sferasında yaxın perspektivdə böyük nəticələr əldə olunacağı siqnalı verildi.
Yeri gəlmişkən, bəllidir ki, ölkəmizin bu gün ümumi elektrik enerjisi istehsalı gücü 7516 Mvt-dır. Və bu, daxili tələbatdan artıqdır və odur ki, ölkəmiz bu enerjinin bir hissəsini ixrac edir. Halbuki, yaxın keçmişdə idxal edirdik. Bunun 15-ni İES, 18-ni isə SES olmaqla sayca 33 stansiya verir.
Ölkəmizdə sözügedən stansiyaların inşası və istismarı ilə bir neçə çağırışa və tələbə əməl olunacaq. Bunlardan birincisi odur ki, hər iki stansiyanın sayəsində 470 Mvt əlavə güc əldə edəcəyik. İkincisi, hökumətin 2030-cu ilədək ölkənin ümumən elektrik enerjisi istehsalında BOE-nin payını 30 faizə (1500 Mvt) çatdırmaq istəyi demək olar reallaşacaq. Üçüncüsü, həm elektrik enerjisi üzrə, həm də digər enerji növləri, xüsusən də qaz sarıdan ixracı artırmaq imkanı yaranacaq. Dördüncüsü, elektroenergetika sahəsində qənaət və səmərəlilik səviyyəsi yüksələcək.
Beşincisi, ölkədə sözügedən sferada mövcud potensialdan istifadəyə maraq artacaq və bu da əlavə investisiya axınları üçün imkan yaradacaq. Altıncısı, yeni iş yerlərinin açılması ilə yanaşı, elektroenergetika sahəsində özəl prinsiplərin təşəkkül tapması və bu sahədə gələcəkdə dövlətsizləşdirməyə zəmin yaranacaq. Yeddincisi, elektrik enerjisi istehsalı da energetika sektoruna aid olsa da iki Ərəb ölkəsiylə imzalanan sözügedən müqavilələr ölkəmizin qeyri-neft sektoruna investisiya axını üçün mühüm yol açacaq və buna əlavə stimul yaradacaq.
Sadalananların sayını bir az da artırmaq olar. Lakin Prezident İlham Əliyev demişkən, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələsi müstəqil inkişaf etmək üçün mühüm şərt sayılır. Bu mənada, Azərbaycan nəyinki öz enerji təhlükəsizliyini təmin etmiş durumdadır, bu sahədə digər ölkələr üçün də mühüm rol oynayır və bunu getdikcə, genişləndirməkdədir.
Yuxarıda qeyd etdim ki, Azərbaycan əsasən neft və qaz resurslarına görə tanınır. Ancaq vaxtilə ölkəmizin neft və qaz potensialının şəkk gətirənlər indi bizə xilas yolu və mənbəyi olaraq baxırlar. Söhbət, qazdan gedir.
Bu baxımdan, hesab edirəm, ilin daha bir mühüm hadisəsi isə iyul ayında Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə adıçəkilən qitə arasında təchizatı 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumunun imzalanması oldu.
Xatırladım ki, 2021-c ildə ümumi qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildən 40% çox deməkdir. Bu il üçünsə 22 milyard kubmetr ixrac təşkil edəcək ki, bunun da 11,3 milyard kubmetrini Avropa alıb. Gələn il üçünsə Azərbaycanın təbii qaz ixracı həcmi ümumən 24 milyard kubmetr təşkil etməklə 11,6 milyard kubmetrdən çox hissəsi “qoca qitə”yə axacaq.
Yuxarıda adını çəkdiyim anlaşmaya əsasən Avropaya qaz ixracının 2 dəfəyə kimi artırılması 2027-ci ilədək həyata keçiriləcək.
Cari ilin yekunları haqqında yazarkən işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və qurulması istiqamətində aparılan işlərə də toxunmamaq mümkün deyil. İşğaldan azad olunan ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilən ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı 2022-ci ildə bu baxımdan ən mühüm hadisələrdən oldu. Cəmi 1 il 6 ay ərzində tikilib istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun sayılır. Və bu tikili Zəngəzur dəhlizi üzrə ən mühüm hava nəqliyyatı infrastrukturu rolunu oynayacaq.
Limanın uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu tikili bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır.
Yeri gəlmişkən, ilin əvvəlində sözügedən ərazilərdə bütövlükdə görüləcək işlərə 2,2 milyard manat vəsait ayrılmışdısa ilin ortasında dövlət büdcəsinə dürüstləşdirmə zamanı 470 milyon manat da əlavə olundu. Ən əsası isə, bu il ərzində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” da qəbul olundu.
Bəs, 2022-ci il iqtisadi baxımından nədə uğursuz oldu?
Cari ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ÜDM istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 2,4% azaldığı halda, qeyri-neft-qaz sektorunda isə 9,2% artıb.
Ancaq bunun müqabilindəsə, istehlak qiymətləri indeksi, bahalaşma və yaxud inflyasiya göstəricisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5%, qeyri-ərzaq malları üzrə 8,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 10,4% təşkil edib.
Başqa sözlə, dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edib və edir. Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyası səngimədi, əksinə hər keçən müddətdə bir az da sürətlənməklə yüksələn xətt üzrə inkişaf etdi. Bu isə o deməkdir ki, 2022-ci il ötən yaxın illər ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq.
Məsələ bundadır ki, proses sırf bizimlə əlaqədar deyil və daxili amillərdən qaynaqlanmır, irəli gəlmir. Və odur ki, hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, qlobal trenddən, ümumi tendensiyadan gedir. Xatırladım ki, 2021-ci ilin də iqtisadi yekunları yaxşı olmaqla yanaşı, istehlak qiymətlərinin indeksi 6,7%, ərzaq məhsulları üzrə 8,1, qeyri-ərzaq üzrə isə 5,1% təşkil etmişdi.
Bəli, bu proses artıq iki ildir davam edir və səngimək istiqamətində də hələ ki heç bir tendensiya nümayiş etdirmir. Vəziyyət ciddidir, ancaq təlaşa da ehtiyac yoxdur. Ona görə ki, ölkəmizdə proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tətbiq olunmaqdadır.
Düzdür, effekt azdır. O səbəbdən ki, ortada obyektiv səbəblər mövcuddur. Bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.
Bahalaşma o vaxt səngiyəcək ki, proses qlobal miqyasda dayanacaq. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi hələ davam edəcək. Odur ki, hesab edirəm mütləq şəkildə birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə desəm, realizə imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır.
Yeni ildən, maaş, pensiya və sosial ödənişlər artırılacaq. Ancaq 2023-cü il təkcə bununla deyil, daha böyük iqtisadi uğurlarla yadda qalacaq. Çünki yeni ili kifayət qədər sabit və möhkəm makroiqtisadi vəziyyət, bunun üzərində artımı ciddi şəkildə dəstəkləmək və onu daha da genişləndirə bilmək imkanları ilə qarşılayırıq./oxu.az