Aİ-nin yeni mülki missiyası və Paşinyan-Makron cütlüyünün dəyişməyən hədəfi

 

Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi mülki missiya ətrafında qurulan oyun yeni mərhələyə qədəm qoyur. İttifaq bölgəyə başqa formatda yeni missiyanın göndəriləcəyi ilə bağlı bəyanat yayıb.

Bildirilir ki, Avropa İttifaqı Şurası artıq dekabrın 20-də müddəti başa çatan missiyanın regiona yenidən qayıtması ilə bağlı Ermənistan hakimiyyətindən razılıq alıb.

Bəyanatda deyilir: “Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) ittifaqın təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq, eyni zamanda ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin.

Keçid planlaşdırılma yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir.

Qeyd edək ki, sərhəd missiyasının Ermənistana göndərilməsi ilə bağlı qərar Çexiyanın paytaxtı Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin oktyabrın 6-da keçirilən görüşü zamanı qəbul olunub. Missiya isə Ermənistana oktyabrın 19-da gəlib.

Avropalı müşahidəçilər Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca vəziyyətin monitorinqi, təhlili və hesabatlılığı məqsədilə yerləşdirilmişdi. Amma hadisələrin gedişi göstərirdi ki, hədəflər daha böyükdür və başqa gizli məqsədlər var.

Bəs, missiyanın gizli məqsədi və hədəfi nə idi?

Məlumdur ki, mülki missiyanın yaradılmasının əsas təşəbbüskarı Ermənistanla yanaşı, Fransa idi. Çünki Paris Aİ mülki missiyasından istifadə edərək, regiona ayaq açmaq, Ermənistana yerləşmək və Moskvanı İrəvandan sıxışdırmağı hədəfləyirdi. Həmçinin məqsədlərdən biri sürətlə davam edən Azərbaycan-Ermənistan sülh danışıqlarına zərbə vurmaq idi. Yəni Fransanın nəzarəti altında olan mülki missiyanın Azərbaycan-Ermənistan normallaşmasına töhfə vermək kimi bir məqsədi yox idi.

Rəsmi Bakı Aİ missiyasının hansı məqsədlə regiona göndərildiyini əvvəlcədən proqnozlaşdırdığı üçün onların Azərbaycan ərazisində yerləşməsinə razılıq verməmişdi. Bakı anlayırdı ki, Fransanın nəzarət etdiyi Aİ missiyası regionda sabitliyin yaranması üçün heç bir iş görməyəcək. Əksinə, Parisin siyasi və hərbi hədəflərinə xidmət edəcək.

Hazırda Cənubi Qafqazda baş verən hadisələr, Azərbaycan-Ermənistan sərhəddində tez-tez eşidilən atəş səsləri Bakının proqnozlarının doğru olduğunu göstərir. Yəni Aİ missiyasının regionda olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermədi.

Bu səbəbdən, Azərbaycanın yeni sərhəd missiyası ilə işləməyəcəyini və həmin müşahidə qrupunun hazırladığı hesabatı tanımayacağını ehtimal etmək olar.

Bakının yeni mülki missiya ilə işləməməyə səbəbləri var:

1. Məlumdur ki, bu missiya Ermənistana Praqada keçirilən dördtərəfli görüşdə imzalanan bəyanata əsasən göndərilib. Həmin bəyanatda missiyanın yenidən regiona qayıtması ilə bağlı heç bir bənd yoxdur. Bu səbəbdən, onun sərhəddəki fəaliyyətini davam etdirməsi dörtərəfli bəyanata ziddir;

2. Bundan əvvəlki Aİ missiyasının bölgədə qalma müddəti konkret göstərilmişdi. Hazırki mülki missiyanın isə sərhəddə nə qədər qalacağı barədə heç bir məlumat yoxdur;

3. Çox ehtimal ki, Avropa İttifaqının bölgəyə göndərmək istədiyi yeni missiya ilə bağlı Azərbaycandan heç bir rəy öyrənilməyib. Avropa İttifaqı Şurasının yaydığı rəsmi bəyanatda da bu məsələnin yalnız Ermənistan hakimiyyəti ilə razılaşdırıldığı qeyd olunub;

4. Fransanın Cənubi Qafqazla bağlı planlarına nəzər salsaq, görərik ki, sərhəd missiyanın yenilənməsi Brüssel və Parisdəki ermənipərəst qüvvələrin yeni oyunudur.

Sadalanan bütün faktlar göstərir ki, Fransanın nəzarəti altında olan və Azərbaycanın qəbul etmədiyi yeni missiya regionda sülhə töhfə verməyəcək. Bu səbəbdən, Bakının yeni Aİ missiyası ilə əməkdaşlığının mənası yoxdur.

Bəs, avropalıların regiona yenidən qayıtması hansı qüvvələrin maraqlarına uyğundur?

Bu missiyanın yalnız Paşinyan-Makron cütlüyünün işinə yarayacağını ehtimal etmək olar. Çünki Aİ-nin rəsmi açıqlamasından da görünür ki, yeni missiyaya Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsinə aid mandat verilib. Bu mandat Aİ missiyasının əsl məqsədini bir daha bəyan edir.

Göründüyü kimi, artıq İrəvan və Paris Avropa İttifaqının timsalında Qərb təsisatlarının Ermənistana daxil olmasına açıq şəkildə şərait yaradır. Qərb qüvvələrinin isə hədəfi dəyişməyib: Rusiya Ermənistandan sıxışdırılmalı, Avropa təsisatları İrəvana yerləşdirilməlidir. Görünür, Azərbaycan-Ermənistan sərhəddinə gələn avropalılar bölgədə daim yerləşmək fikrindədirlər. Onlar yeni mandatlarına əsasən Ermənistanın dövlət sturkturlarına daxil olmaq, ölkənin müdafiə siyasətini müəyyənləşdirmək imkanı qazanıblar. Bu səbəbdən, yeni sərhəd missiyasına daxil olan hərbçilərin 40 nəfərdən qat-qat çox olacağını ehtimal etmək olar.

Bütün bunlar sübut edir ki, Fransa Aİ missiyasından regiona hərbi qüvvə yerləşdirmək, sülh prosesinə zərbə vurmaq və Moskvanı İrəvandan çıxarmaq üçün vasitə kimi istifadə edir. Əslində isə Avropa İttifaqının təşkil etdiyi görüşdə yaradılan mülki missiyanın məqsədi sülhə töhfə vermək olmalıdı idi. Amma əksi müşahidə olunur. Bu isə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan etimad mühitini zədələyir. Sual yaranır: Avropa İttifaqının rəhbərliyi o qədər zəifdir ki, Fransa hakimiyyəti onların Azərbaycanla əlaqələrinin pozulmasına nail olur? Təbii ki, bu sualın cavabını İttifaq rəhbərliyi bilir.

Bu və ya digər suallar cavablandırılmadığı müddətcə rəsmi Bakının Avropa İttifaqındakı bəzi qüvvələrlə təmas qurmaması məqsədəuyğundur./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password