Prezident: “Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq”
“Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
“Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, – dövlət başçısı bildirib.