Büdcə 30% kəsirdə, NŞ-nin borcu 100 milyard… – Xatınoğlu
İranda ticarət obyektlərinin işçilərinin ardınca, neft sektorunda çalışanlar da tətillərə qoşuldu. Onlar ümumi etirazlardakı narazılıqlarla yanaşı, iş şəraiti və maaşları ilə bağlı tələblər irəli sürürlər.
Enerji məsələləri üzrə ekspert Dalğa Xatınoğlu mövzu ilə bağlı suallara cavab verib:
– Bu tətil aksiyalarının miqyası İran iqtisadiyyatına zərər verəcək həddədirmi?
– İranda dövlət işçilərinin sayı 2 milyon 340 min nəfərdir. Bunun 205 min nəfəri, təxminən 9 faizi neft sektorunda çalışır. Burada işləyənlərin bir hissəsi ştata götürülsə də, böyük bir hissəsi ilbəil yenilənən müqavilə əsasında işləyir. Bir qrup isə muzdlu işçidir və onlarla işəgötürən arasında heç bir rəsmi anlaşma olmur. Məsələ burasındadır ki, hər üç qrup işçilərin maaşı ümumilikdə azdır. Ancaq müqaviləli və günəmuzd işləyənlərin həm də iş təhlükəsizlikləri təmin edilmir. Onlar bu səbəbdən maaşların artırılmasını, təhlükəsiz iş şəraitinin təmin edilməsini və daimi müqavilə ilə iş prinsipi tələb edirlər.
İranın neft sektorunda maaş 300-600 dollar arasındadır. İnflyasiyanın 50 faiz olduğu ölkə üçün bu maaş çox azdır. Son 3 ildə hər il qiymətlər 40 faiz qalxır. Əlbəttə, bu rəqəmlər rəsmi veriləndir. Qeyri-rəsmi dəyərləndirmələr inflyasiyanın daha yüksək olduğunu göstərir. Cari ildə tümən 30 faiz, son 10 ildə isə 96 faiz dəyərini itirib. 10 il öncə bir dollar 1800-2000 tümənə satılırdısa, indi 40 000 tüməndir. İranın tüməni dünyada ən dəyərsiz puldur, hətta Afrikanın bəzi ölkələrindəki valyutadan da.
Başqa bir məsələ dövlətin neft sektorunda çalışanların maaşlarını artıra bilib-bilməməsidir. Milli neft şirkətinin hər il 10 milyard dollar borcu artır. Ötən il 80-90 milyard dollar arası borcu vardı (2022-ci ildə borc artımı daha çox ola bilər.) Bu da o deməkdir ki, heç Milli Neft Şirkətinin özündə pul yoxdur.
Dövlət büdcəsini nəzərdə tutsaq, İranın dövlət borcu Milli Neft Şirkətinin borclarından üçqat çoxdur. Büdcə hər il 30 faiz defisitlə üzləşir. Bu il də eyni durumdadır. Odur ki, nə dövlət büdcəsi, nə də Milli Neft Şirkətinin vəsaiti hesabına neft sektorunda çalışanların maaşlarını qaldırmaq mümkündür.
– Neft şirkətlərinin görəcəyi ziyan İranın neft satışı və gəlirlərinə necə təsir edəcək?
– İran hər gün orta hesabla 2 milyon 500 min barrel xam neft və 700 min barrel kondensant istehsal edir. İkisi birlikdə 3 milyon 200 və ya 3 milyon 300 min arası neft istehsalı edir. Hər gün bir milyon barrel neft satır. Hətta İranın neft istehsalı tamamilə dayansa belə, son 3 ili götürsək, 110 milyon barrel nefti anbarlarda müştərisiz qalıb, onun hesabına indi baş verənlər neft ixracatına bir o qədər də təsir etməyəcək. Ancaq istənilən halda istehsal düşə bilər.