Başıbəlalı Qətər: 220 milyard xərclədi, axırda da…

 

Fevralın 18-də Qətərdə keçirilən Dünya Çempionatının final görüşü ilə futbol tarixinin ən qalmaqallı və ən səs-küylü mundialı başa çatdı.

Bu mundial həm də Qətərin fantastik məbləğdə pul xərcləməsi ilə də yadda qaldı.

Rəsmi rəqəmlərə görə, Qətər çempionatın keçirilməsinə 220 milyard dollar xərcləyib. Müqayisə üçün qeyd edək ki, Almaniya 2006-cı ildə Dünya Çempionatının keçirilməsinə 4.3 milyard dollar xərcləmişdi. Hətta 1990-2018-ci illərdə dünya çempionatlarını keçirən ölkələr ümumilikdə 48.6 milyard dollar xərcləyiblər.

Qətər 220 milyardın cəmi 6-10 milyardını stadionların tikintisinə ayırıb. Qalan məbləğ isə 2008-ci ildə qəbul edilən “Qatar National Vision 2030” inkişaf planına əsasən, ölkənin ehtiyac duyduğu infrastrukturu yaratmaq üçün xərclənib. Məsələn, 2019-cu ildə səkkiz stadiondan beşini birləşdirən metro tikilib. Tramvay xətti salınıb, yenilənmiş avtobus parkına 700 elektrobuslar gətirilib. İldə 60 milyon sərnişini qəbul etmək gücündə olan “Həməd” beynəlxalq hava limanı və “Həməd” dərin su limanı tikilib. Yeni otellər və restoranlar, muzeylər açılıb. Hətta Qətərin əsasını qoyan şeyxin iqamətgahının yerləşdiyi kiçik bir kəndin yerində yaranan Lusail şəhərinin layihəsi də 2022-ci il dünya çempionatının xərclərinə salınıb.

Yeri gəlmişkən, Argentina ilə Fransa yığmaları arasında keçirilmiş final görüşünə ev sahibliyini Lusail şəhəri etmişdi.

Bu qədər xərcin qarşılığında isə Qətərin qazancı olduqca cüzidir. Ölkə mundialdan gələn qazancının 9 milyard dollar olacağını açıqlamışdı. Bunun üzərinə FİFA-nın Qətərə ayrıdığı 1.7 milyard dollarlıq mükafat fondunu da gəlsək, yenə də 220 milyard xərcin 5 faizi də etmir.

Əksər idman ekspertləri, şərhçiləri, Qətərə gələn azarkeşlər, turistlər mundialın təşkilindən xeyli razı qaldılar. Hətta Qətərin spirtli içkilərin satışını qadağan etməsinə baxmayaraq, əksəriyyət çempionatın əla təşkil olunduğunu söylədi.

Lakin bütün bunlara baxmayaraq, Qətər ciddi tənqidlərə məruz qaldı.

Tənqidlər hələ 2010-cu ildə 2018 və 2022-ci il mundiallarına ev sahibliyi edəcək ölkələrinin açıqlanması ilə bağlı keçirilən səsvermədə başlamışdı. Səsvermədə Qətər əsas rəqibləri ABŞ və Cənubi Koreyanı ciddi şəkildə geridə qoymuşdu. Bu da çox gözlənilməz idi. Çünki dünya çempionatlarının keçirildiyi iyun ayında Qətərdə orta temperatur 42 dərəcəyə çatırdı. Lakin FİFA ilk dəfə olaraq mundialın keçirilmə vaxtını noyabra – milli çempionatların qızğın vaxtına saldı. Dərhal Qətərin necə qalib gəlməsi ilə bağlı suallar yaranmağa başladı. Ortaya atılan ilk iddiaya görə, FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Məhəmməd bin Hammam Qətərin namizədliyini irəli sürmək üçün 3 milyon funt sterlinq rüşvət verib. FİFA-nın araşdırmalara başlamasından sonra 2011-ci ildə Hammam rüşvət verməkdə ittiham olundu və ali futbol qurumu ilə bağlı hər hansı bir işdə iştirak etməkdən ömürlük uzaqlaşdırıldı.

Bundan başqa, ABŞ 2020-ci ildə FİFA İcraiyyə Komitəsinin keçmiş üzvləri də daxil olmaqla 30-dan çox şəxsi Rusiya və Qətərdən rüşvət almaqda ittiham etdi.

Lakin Qətərin tənqid olunması bununla bitmədi. Ölkə LGBT-yə qarşı kampaniya aparmaqda, cinsi azlıqlara qarşı tolerant olmamaqda ittiham olundu. Ən böyük qalmaqal isə LGBT-yə dəstək kampaniyası çərçivəsində 2020-ci ildən bəri bir neçə Avropa komandasının kapitanlarının qollarına geyindiyi göy qurşağı rəngli kapitanlıq sarğısı ilə bağlı oldu. FİFA-nın sərt sanksiya hədələri qarşısında geri çəkilən kapitanlar rəngli sarğılardan imtina etdilər.

Bundan başqa, Qətər stadionların tikintisində işləyən fəhlələrə görə də tənqid olundu. “Amnesty İnternational”ın məlumatına görə, işçilər 250 dollar qarşılığında istirahət günü olmadan həftədə 84 saat işlədilib. Hətta təşkilatın məlumatına görə, ağır əmək şərtləri səbəbindən minlərlə miqrant ölüb. Lakin hökumət həmin ölümləri ürəktutması kimi qeyd edərək, onların ailələrinə kompensasiya ödəməkdən boyun qaçırıb.

“Cardiology” jurnalının 2019-cu ildə yaydığı hesabata görə, təkcə Nepaldan olan işçilərin 571-i ölüb. Hesabat müəlliflərinin fikrincə, yüksək temperaturdan qorunsaydılar, ölənlərin 200-ü sağ qalacaqdı.

2021-ci ildə “Quardian” qəzetinin araşdırmasına görə, 2011-2021-ci illər arasında təkcə Hindistan, Nepal, Banqladeş, Şri-Lankadan olan 5927 miqrant Qətərdəki inşaat işlərində ölüb.

Beləliklə, pisi, yaxşısı ilə Qətərdə keçirilən bir mundialda futbol tarixinə qovuşdu. Mundiallardakı təşkilatçılıq hər zaman tənqid olunub. Fransa, Almaniya, Braziliya kimi böyük futbol ənənəsi olan ölkələr belə təşkilatçılığa görə tənqidlərdən yaxa qurtara bilmədilər.

Qətərə tənqidin “dozası” isə bir qədər artıq oldu.

Necə deyərlər, 220 milyard pul xərclədi ki, özünü dünyaya tanıtsın, müsbət imic formalaşdırsın, futbol çempionatını müsəlman ölkəsinə gətirən ilk dövlət kimi tarixə düşsün, “sağ ol”u da ağır tənqidlər, korrupsiya ittihamları oldu – hələ də FİFA-da bu korrupsiya qalmaqalı və həbslər davam edir…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password