“Muğam axşamları”nın konserti Əhməd Bakıxanovun 130 illiyinə həsr olundu
Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olundu.
17 dekabrda keçirilən konsertdə Xalq artisti Ramiz Quliyev və Əməkdar artist, xanəndə Sevinc Sarıyeva tələbələri ilə birlikdə çıxış etdilər.
Xalq artisti Ramiz Quliyev ustad tarzənin həyat və yaradıcılığından danışaraq xoş xatirələrini bölüşdü. Bildirdi ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik tarzən xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir. Mən ilk dəfə filarmoniyaya solist kimi qəbul olunanda Əhməd Bakıxanovla tanış oldum. Onun rəhbərliyi ilə fəaliyyət göstərən ansambllar respublikamızın ən öncül ansamblları kimi tanınıb hər zaman.
Daha sonra konsert proqramı təqdim olundu. İlk olaraq Xalq artisti, tarzən Ramiz Quliyev solo muğam ifaları ilə çıxış etdi. Konsertin ikinci hissəsində Əməkdar artist Sevinc Sarıyeva və tələbələri muğam və təsniflərdən ibarət proqramla çıxış etdilər. Xanəndələri BMM-nin solistləri tarzən Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Çinarə Heydərova, balabanda Rafael Əsgərov, udda Vasif Yusibli və nağarada Vüsal Bayramov müşayiət edirdi.