Azərbaycanda dərmanlar Türkiyədən niyə dəfələrlə baha satılır?
Azərbaycanda dərman vasitələrinin qiymətinin Türkiyə ilə müqayisədə bir neçə dəfə baha olması ilə bağlı fikirlər uzun müddətdir səsləndirilir. Amma təəssüf ki, dəyişən heç nə yoxdur. Bəs qiymətlərdəki bu fərq nədən qaynaqlanır?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Azərbaycanda dərman vasitələrinin qiyməti Türkiyə ilə müqayisədə 3 dəfə bahadır”.
“Azərbaycanda satılan dərmanın qiyməti ilə Türkiyədən gətirilən dərmanın qiymətində 7 dəfə fərq var”.
Birinci fikir millət vəkili Fazil Mustafaya, ikincisi isə digər millət vəkili Vahid Əhmədova məxsusdur. Fikirlər arasında böyük fərq olsa da, hər ikisi düz deyir. Çünki eyni dərmanı Türkiyədən alanda, hər dəfə fərqlə qarşılaşırsan. 5, 6, 7 və s. dəfə fərq görürük. Amma minimum 3 dəfə fərq olur.
Hər dəfə bu mövzu müzakirə edilir, qiymətin bizdə yüksək olduğu bildirilir. Yəni problem illərdir məlumdur. Niyə bu qədər fərq var? Bəs bu müddətdə problemin həlli üçün nələr edilib?
“İş adamlarına idxal üçün imkan verilsə…”
Tibbi ekspert Aydın Əliyev deyir ki, ölkədə dərman siyasəti düzgün təşkil edilmədiyi üçün bu problem yaşanır:
“Dərman siyasətinin düzgün qurulmadığını iki nüansa baxaraq bilmək olar. Birincisi, ölkəmizdə daxili istehsal sıfırdır. Ən bəsit dərman preparatlarını belə idxal edirik. Azərbaycanda dərman istehsalını təmin etmək üçün hər cür maddi imkan var. 30 ildə bunu qurmaq olardı. İkincisi, dərman idxalı sahəsində monopoliya var. Dərman idxalı bir neçə şəxsin əlində cəmlənib. Filan dərmanı ancaq filankəs gətirir. Ondan başqasına həmin dərmanı idxal etməyə icazə verilmir. Bu halda hansı rəqabət olacaq? Bu məhsulu satan bir nəfərdirsə, o da istədiyi qiyməti qoyacaq. Əgər iş adamlarına idxal üçün imkan verilsə, sağlam rəqabət olsa, bu, qiymətin düşməyinə təsir edər. Dərmanların qiymətinə nəzarət mexanizmi olmalıdır. Bu, çətin bir şey deyil. Sadəcə olaraq vəziyyətin bu cür olması kimlərəsə sərf edir”.
“20 ildir bu məsələ təxirə salınır”
Millət vəkili Fazil Mustafa deyir ki, problem məlum olsa da, bu məsələnin həlli istiqamətində addım atılmır:
“Bu məsələnin həlli üçün heç bir addım atılmır, atılmayacaq da. 20 ildir bu məsələ təxirə salınır. Çünki inhisarçılıq var. İnhisarçılıq olan yerdə bu kimi məsələlər heç vaxt həllini tapmır. 5 nəfər pul qazanmalıdır deyə əhali sağlamlığından olmalıdır? Bunu ciddi şəkildə gündəmdə saxlamaq lazımdır. Bu istiqamətdə olan fürsətlər də buraxıldı. Dərman sənayesinin inkişafı istiqamətində addımlar atılması nəzərdə tutulmuşdu. Amma o addımları atmağa qoymadılar. Çox güman ki inhisarçılar mane oldular. Elə şeylər var ki, onları xaricdən almaq büdcədən pul götürmək yollarından biridir. Ona görə o qüvvələr mane oldular”.
Millət vəkili deyir ki, iş adamlarına bu sahədə istehsal aparmaları üçün şərait yaratmaq lazımdır:
“Avropada tapılmayan dərmanı Türkiyədə tapa bilirsən. Çünki vaxtında iş adamlarına şərait yaratdılar. Yaxşı layihələr həyata keçirib dərman sənayesini inkişaf etdirib bu gün hər çeşiddə dərman buraxırlar. Məsələnin mahiyyəti budur”.
“İxracda həmin məzənnə tətbiq edilmir”
“Dərman vasitələrinin qiymətini bu qədər baha edən səbəb nədir?”, “Qiymətin aşağı salınması üçün dövlət tərəfindən hansısa addımlar atılırmı?” sualları ilə Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirdi ki, qiymətlərlə bağlı ya Tarif Şurası, ya da İqtisadiyyat Nazirliyinə müraciət etməliyik.
İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, Türkiyədə dərman vasitələrinin qiymətləri tənzimlənərkən daxili satış üçün valyuta kimi istinad olaraq avro əsas götürülməklə onun məzənnəsi tənzimləyici tərəfindən müəyyənləşdirilir. Qiymət fərqinin yaranmasının əsas səbəblərindən biri türk lirəsinin kəskin ucuzlaşmasıdır: “Belə ki, hazırda Türkiyədə 1 avronun real məzənnəsi 18-19 türk lirəsi olduğu halda tənzimləyicinin müəyyənləşdirdiyi məzənnə 6,29 türk lirəsi təşkil edir ki, bu da öz növbəsində dərman vasitələrinin qiymətlərinin daha aşağı müəyyənləşdirilməsinə imkan verir. Qeyd olunan məzənnə daxili satış üçün olduğuna görə dərman vasitələri ixrac olunarkən həmin məzənnə tətbiq edilmir. Eyni zamanda, yerli istehsalın mövcudluğu daxili tələbatın əksər hissəsinin ödənməsinə imkan verməklə yanaşı, Türkiyədə dərman vasitələri sığorta paketinə daxil olduğu üçün əsas alıcısı dövlətə məxsus sığorta qurumudur”.
Nazirlikdən bildirildi ki, dərman vasitələrinin qiymətlərinin müqayisəsi zamanı onların hansı ölkələrin istehsalı olduğu, dozası, miqdarı və Türkiyə istehsalı olan dərman vasitələrinin Azərbaycanda dövlət qeydiyyatında olması da dəqiqləşdirilməlidir. Belə ki, Azərbaycanda dövlət qeydiyyatında olmayan Türkiyə istehsalı olan dərman vasitələrinin Türkiyədəki qiymətinin Azərbaycanda dövlət qeydiyyatında olan Avropa və digər ölkələrinin istehsalı olan dərman vasitələrinin qiyməti ilə müqayisəsi dəqiq olmayan fikrin formalaşmasına şərait yaradır.
Görülən və görüləcək işlər hansılardır?
Nazirliyin məlumatına görə, əhalinin dərman təchizatının yaxşılaşdırılması üçün Azərbaycanda əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə dövlət tərəfindən sistemli işlər aparılır, ardıcıl tədbirlər həyata keçirilir. Bildirildi ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi məqsədilə prezidentin müvafiq Sərəncamına əsasən Pirallahı Sənaye Parkı yaradılıb. Hazırda Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan preparatın, birdəfəlik şprislərin istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. Bundan əlavə, Sənaye Parkında yeni əczaçılıq müəssisələrinin yaradılması məqsədilə xarici əczaçılıq şirkətləri ilə danışıqlar aparılır.