Zelenskinin çəkindiyi general: Onu niyə əvəzləmək istəyir? – Şok iddia
Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafındakı bəzi adamlar Silahlı Qüvvələrin ali baş komandanı Valeri Zalujnını Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə əvəzləmək istəyirlər.
Bu barədə “The Economist” yazır.
Nəşr məsələ ilə əlaqədar hər iki generaldan açıqlama alıb.
“Prezidentin ətrafındakı bəzi adamlar Zalujnını Ukrayna Quru Qoşunlarının komandanı general Aleksandr Sırski ilə əvəz etmək istəyir. Zelenskiyə yaxın rəsmilər general Zalujnının cəbhə xəttinə getmədiyini deyirlər. Generalın müdafiəçiləri isə bildirirlər ki, bu, təhlükəsizliklə bağlıdır”, – qəzet bildirir.
Nəşr onu da qeyd edir ki, Zelenskinin aparatı Zalujnının ukraynalılar arasındakı populyarlığından narahatdır. Sorğulara görə, bir çox vətəndaş onun partiyasına səs verməyə hazırdır, baxmayaraq ki, generalın partiyası yoxdur.
Bu söz-söhbət Qərb dövlətlərini narahat edir. Yüksək rütbəli hərbçilərdən biri qəzetə deyib ki, Zalujnının Sırski ilə mümkün əvəzlənməsi barədə yayılan məlumat ən yaxşı halda kiçik rəqabətdir, ən pis halda isə bu, Ukraynanın birliyinə xələl gətirəcək və Qərbdə Kiyevə qarşı etimadı zəiflədəcək.
“İndi siyasiləşmək və ya siyasi-hərbi komandanlıq arasında etimadı sarsıtmaq vaxtı deyil”, – mənbə bildirib.
Nəşr vurğulayır ki, Sırski Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi olana qədər Zalujnıya münasibətdə komandanlıq zəncirində yüksək vəzifəli şəxs olub. Bəzi siyasətçilər bu faktdan istifadə edərək aralarındakı gərginliyi qızışdırmağa cəhd edə bilərlər.
“Hətta söz-söhbətlər var ki, Prezident Aparatı populyar, amma müstəqil düşüncəli general Zalujnını keçmiş rəisi ilə əvəz etməyə meylli ola bilər. Parçalanma ilə bağlı çatlar Qərbin hərbi dairələrində narahatlıq yaradır. Hər iki general da öz növbəsində bir-birinə tam etibar etdiyini və siyasətdən kənarda qalmaq istədiyini deyir”, – qəzet yazır.
General Sırski yayılan iddiadan narahatdır, onun sözlərinə görə, ordu siyasətdən kənar olmalıdır: “Ordu siyasətdən kənardadır. Bu belə olmalıdır və qanun da bunu tələb edir”.
Zalujnı isə söyləyib ki, general Sırskiyə güvənir, onunla danışır və yayılan şayiənin gərginlik yaratmasına imkan vermir./teleqraf.com