Laçın yolunda aksiyanın əsl səbəbi nədir?

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda Xankəndi-Şuşa yolunda ekoloji fəalların etiraz aksiyaları davam edir. Aksiyanın əsl səbəbi nədir? Bu, aksiya gərginliyi daha da artıra bilərmi?

Bu suallara “Vestnik Kavkaza” cavab axtarmağa çalışıb.

Bildirilib ki, Laçın dəhlizi Qarabağ müharibəsi başa çatandan dərhal sonra Putin, Əliyev və Paşinyan arasında razılaşmaya uyğun olaraq, Qarabağ ermənilərinin Ermənistana gedib-qayıtması üçün açılıb:

“Eyni müqavilənin digər hissəsində Naxçıvanı Azərbaycanın qalan ərazisi ilə birləşdirən dəhlizin – Zəngəzurun açılması da nəzərdə tutulur. Hər iki dəhlizin təhlükəsizliyinə Rusiya zəmanət verməli idi. İki il keçib, Laçın yolu istifadəyə verilib, amma Zəngəzur dəhlizi hələ də yoxdur. Çünki Ermənistan buna mane olur. Son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu müqaviləni, yəni bütün erməni hərbçilərinin bu ərazidən çıxarılması ilə bağlı 4-cü bəndi pozur. Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn iş adamı Ruben Vardanyan isə ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb.

Qanunsuz hasilatı aradan qaldırmaq məqsədilə Azərbaycanın aidiyyəti qurumları Qarabağa gediblər. Lakin Vardanyan və quldurları mütəxəssislərin yolunu kəsib, monitorinq prosesini pozub. Bunun nəticəsi olaraq mindən çox ekofəal Laçın yoluna toplaşıb. Onlar çadır evləri qurub, özləri ilə bayraqlar gətirib və sülhməramlıların komandiri Andrey Volkovun onlarla danışmasını tələb edən şüarlar səsləndiriblər. Aksiyaçılara güc tətbiq olunmur, ona görə də hələlik gərginliyin artmasından danışmağa ehtiyac yoxdur”.

Məqalədə vurğulanıb ki, daha dərindən baxdıqda, bu hadisənin səbəbi Üçtərəfli bəyanata əməl edilməməsidir:

“Ermənistan Qarabağdan qoşunlarını çıxarmaqdan və Zəngəzur dəhlizini açmaqdan imtina edir, əvəzində Qarabağ ərazisini minalayır, ora qaçaqmalçılıq yolu ilə silah aparır, Azərbaycanın sərvətlərinin qanunsuz talan edir. Və onlar bütün bunları Rusiya sülhməramlılarının arxasında gizlənib edir. Nəzərə alsaq ki, Moskva ilə Bakı mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin qorunub saxlanmasında maraqlıdırlar və Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıyır, problemi hansısa yolla həll etmək lazımdır. Bunu necə edə bilərlər?

Birincisi, bütün Qarabağda olduğu kimi, Azərbaycana məxsus olan yataqlarda da qanunsuz hasilat dayandırılmalıdır.

İkincisi, Laçın yolu ilə sursat, mina və hərbçilərin daşınmasının qarşısını almaq üçün Rusiya-Azərbaycan birgə nəzarət qrupu yaradılmalıdır.

Üçüncüsü, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, 2020-ci il üçün Üçtərəfli bəyanatın maddələri icra edilməlidir.

Qlobal miqyasda baxsaq, Qarabağ 100% Azərbaycanın nəzarətinə keçənə qədər ondan yaranan hadisələr həm region ölkələri, həm də Rusiya üçün təhlükə mənbəyi olaraq qalacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password