Türkiyəyə qarşı çirkin oyun böyüyür – ABŞ da daxil oldu
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana tarixi mesajının əks-sədaları davam edir.
Ərdoğanın xəbərdarlığından sonra Yunanıstan və Avropa Birliyi mediasında Türkiyəyə qarşı başlayan “Şimali Koreya oyunu”na ABŞ mətbuatı da daxil olub.
Samsunda gənclərlə görüşündə Türkiyə lideri ölkəsinə qarşı Egey və Aralıq dənizlərində təxribatlarını davam etdirən Yunanıstana belə xəbərdarlıq etmişdi: “Yunanıstan üçün F-16-ların sursatlarını biz istehsal edirik. Dronları biz istehsal edirik. Bu, yunanları qorxudur. Deyirlər ki, “Tayfun” Afinanı vuracaq. Sən sakit dayanmasan, əlbəttə, vuracaq”.
Ərdoğanın bu açıqlaması Yunanıstanda təşvişə səbəb olub. Bundan sonra açıqlama verən Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyəni Şimali Koreya ilə müqayisə edib.
Yunan nazirin Türkiyəni Şimali Koreyaya bənzətməsi AB mediasında özünə geniş yer tapıb. Türkiyəni qaralamağa öyrəşmiş Avropa mətbuatı Dendiasın sözlərini manşetlərinə çıxararaq, öz hüquq və maraqlarını qorumağa çalışan Türkiyəni nüvə raketləri ilə dünyanı hədələyən Şimali Koreya ilə eyni kateqoriyaya qoyub. AB mətbuatı Türkiyəni düşmən ölkə kimi göstərmək üçün tirajladığı xəbərlərin sayını artırıb.
Bu dəfə isə ABŞ mediası Yunanıstanın irəli sürdüyü “Şimali Koreya oyunu”na daxil olub. ABŞ-da nəşr olunan “Al Monitor” qəzeti Nikos Dendiasın sözlərinə geniş yer verib.
Amerika nəşri Prezident Ərdoğan üçün “Kresloda oturmuş kimi rahat görünürdü” sözlərini işlədib.
“Tayfun” ballistik raketi ilə bağlı məlumatları məqaləsinə əlavə edən “Al Monitor” yazıb:
“Tayfun” Türkiyənin daxili arsenalına ən son əlavələrdən biridir. “Roketsan” tərəfindən istehsal edilən qısamənzilli ballistik raket oktyabr ayında sınaqdan keçirilib və 561 kilometr məsafə qət edib. Afina Türkiyə sərhədindən cəmi 222 kilometr məsafədədir”.